15.12.2025, 02:36
AZ EN
05.12.2025, 09:14 275

Qarabağı almamış geri dönməyəcəm…

XƏBƏRLƏR
  • Rəşad həmişə anasını üzügülər görmək istəyirdi. Elə özü də bəzən zarafatlar edər və anasının üzünü güldürərdi. İndi anası Vətən uğrunda canından keçmiş 18 yaşlı qəhrəmanı ilə bağlı xatirələrini danışanda da üzü işıqlanır, balasının istədiyi kimi, gülümsəməyə çalışsa da alınmır… Deyir ki, Rəşad bəzi sözlərini mənə, bəzi istəyini isə atasına deyərdi. İndi o anasının yuxusuna uşaq yaşlarında gəlir…

Rəşadın bircə qardaşı var. Onlar bir-birinə o qədər bağlı olublar ki, indi də qardaşı ondan ayrılığına inana bilmir. Rəşad deyirmiş ki, qardaş, hər şey yaxşı olacaq, hərbi xidmətdən qayıdım, birgə çalışaq, gələcəkdə maşınlarımızın nömrələri də eyni olsun.

Sonuncu dəfə ailəsi Rəşadla Ballıqayada, andiçmə mərasimində görüşüb. Onda güclü qar yağmışdı. Rəşad deyir ki, çox qalmayın, Sizə soyuq olar. Sonra onun doğmaları ilə cəbhədən axırıncı danışığı oktyabrın 2-də olub. Bundan 5 gün sonra Rəşad müharibədə qəhrəmancasına şəhadətə ucalıb. Rəşad hərbi xidmətə gedəndə deyirmiş ki, Qarabağı almamış geri dönməyəcəm… 

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, əsgər Rəşad Rasim oğlu Şiriyevin doğum günüdür. O, 5 dekabr 2001-ci ildə Xəzər rayonunun Türkan qəsəbəsində anadan olub. 262 saylı orta məktəbdə təhsil alıb. Sonra Abşeron Binə Peşə liseyində təhsilini davam etdirib. 2020-ci ildə hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Rəşad Şiriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Talış və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Rəşad Şiriyev 7 oktyabr 2020-ci ildə səhər saatlarında Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Xəzər rayonunun Türkan qəsəbəsində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşad Şiriyev ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rəşad balamız!

Mina RƏŞİD
 

Oxşar xəbərlər