15.12.2025, 01:37
AZ EN
14.12.2025, 17:00 85

Elm və qəlbin harmoniyası: Xudu Surxay oğlu Məmmədov

XƏBƏRLƏR
  • 14 dekabr Azərbaycanın elmi və mənəvi irsində öz silinməz izini qoymuş görkəmli alim, Xudu Surxay oğlu Məmmədovun doğum günüdür. O, 1927-ci ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya göz açmış, burada orta məktəbi bitirmişdir. Gənc yaşlarından elmə böyük maraq göstərən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya ixtisasına qəbul olunmuş, 1951-ci ildə fərqlənmə diplomu ilə məzun olmuşdur.

Onun elmi fəaliyyəti elə həmin il, müəllimi Əfəndiyev Heydərin tövsiyəsi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alması ilə başlamışdır. Daha sonra SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunun aspiranturasına qəbul olunmuş, burada namizədlik dissertasiyası üzərində çalışmışdır. Onun ilk elmi tədqiqat mövzusu “Borosilikat aksinit mineralının quruluşunun təyini” olmuşdur.

Xudu Məmmədovun elmi fəaliyyəti geniş və çoxşaxəli olmuşdur. O, 345 elmi əsərin müəllifidir ki, bunlardan 11-i ixtira kimi SSRİ-nin müəlliflik şəhadətnaməsi ilə müdafiə olunmuşdur. Onun rəhbərliyi altında 18 elmlər namizədi və 2 elmlər doktoru hazırlanmışdır. Bu, onun yalnız alim kimi deyil, həm də böyük bir elmi məktəbin banisi olduğunu sübut edir.

Alimin tədqiqat sahələrinə silikat birləşmələrinin quruluşunun öyrənilməsi, onların boratlar, karbonatlar və yarımkeçiricilərlə kristallokimyəvi qohumluğunun müəyyənləşdirilməsi daxildir. O, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu tədqiq etmiş, elektronoqrafiya, rentgen spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etmişdir.

Lakin Xudu Məmmədov yalnız elm adamı deyildi – o həm də incə qəlbli, duyğulu bir insan idi. Onun bayatıları və şeirləri bu incəliyin bariz nümunəsidir. Alim qəlbinin dərinliklərindən gələn bu misralar oxucuda ruhən bir bağlılıq yaradır.

Onun adını daşıyan əsərlər bu gün də Azərbaycan elminin və mənəviyyatının qürur mənbəyidir. Elmə olan sevgisi, insanlara olan hörməti, Vətənə və elminə bağlılığı Xudu Məmmədovu unudulmaz edən əsas amillərdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər