ZƏFƏRİN MÜBARƏK, VƏTƏN!
Xoş günlərdən soraq verir
Axşamın-səhərin, Vətən!
Düşmənlərə göz dağıdır
Hər təzə Zəfərin, Vətən!
İgid-ərən oğulların
Tapdayıb bəndi-bərəni,
Bir həmləylə sevindirdi
Xocalını, Əsgəranı,
Xocavəndi, Ağdərəni...
"Dəmir Yumruq"dan güc aldı
Qatlanmaz qanadın-qolun!
Qırdın paslı qıfılını
Xankəndiyə gedən yolun!
Qarşında tab gətirmədi
Zülmə sipər olan "barı".
Diz çöküb, aman dilədi
Səndən harsın dığaları...
Başın sağ olsun... yenə də
Haqq yolunda cəngə çıxıb,
Candan keçənlərin də var!
Qanlı şəhid köynəyiylə
Ulu Tanrı Dərgahına
Vaxtsız köçənlərin də var...
Qalibiyyət simvoludur
Üçrəngli bayrağın sənin!
Bütövləşən sərhədlərin
Sabahkı növrağın sənin!...
Türkün-türkə can borcu var,
Nə yalqızsan, nə tək, Vətən!
Hünərindən soraq verən
Zəfərin mübarək, Vətən!
ANA VƏTƏN SƏNİNDİR
Ulu Tanrıdan cəmi şəhidlərimizə qəni-qəni rəhmət diləyirəm!
Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!
Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən hər anın.
Gəzdi dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın...
Bu müqəddəs savaşda
Düşmən bağrı çatladan
Cəsarətinə alqış!
Nəsillərə nümunə -
Ülvi Vətən eşqinə,
Saf niyyətinə alqış!
Şəhidim, ölümünlə
Dönüb ölümsüz oldun,
Qazandığın bu halal
Şöhrət, ad-san sənindir!
Haqqın var zaman-zaman
Əbədi yaşamağa,
İndi hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən -
Azərbaycan sənindir!
09.12.2020
GƏLDİM
Dünyanın hər üzünə
Olmadm halı, gəldim.
Nə atlı, nə dəvəli,
Nə barxanalı gəldim.
Şaxtalı qışı gördüm,
Qarı-yağışı gördüm.
Eniş-yoxuşu gördüm,
Dolandım yalı, gəldim.
Təzə arzu-həvəsdim,
Yaşamağa tələsdim.
Zülmət qarşımı kəsdi,
Azmadım yolu, gəldim.
Üstümə yağanda daş,
Bildim nədir cəng-savaş.
Dünyaya əlləri boş,
Ürəyi dolu gəldim.
03.06.2020
GƏLİRƏM
Halallıq ver gedim, Kürüm,
Gözləyir Qurbanim, Pərim.
Xudafərin nazlı Dirim –
Araz ünvanlım, gəlirəm.
Ulu Tanrım verdi aman,
Xar oldu savaşda “yaman”.
Haqq evim Hacı Qaraman –
Səbri gümanlım, gəlirəm.
Cəbrayılım - ata elim,
Açıq alnım, “uzun” dilim.
Sona çatıb ta nisgilim –
Şərəflim-şanlım, gəlirəm.
Teyim, Qalam, Ziyaratım,
Şanım-şöhrətim, urvatım.
Büllur Kəhriz toy-büsatım –
Tarım-kamanlım, gəlirəm.
Yovşan ətirli Gəyənim,
Ərəni-mərdi öyənim.
Geriyə qayıt deyənim –
Düşmənlə qanlım, gəlirəm.
Tumasatam, Ağoğlanım,
Ta sızlamaz bir də canım.
Gordubabam, adım-sanım –
Yazı dumanlım, gəlirəm.
Əsiri olmadım yadın,
Damağımda qalıb dadın.
Dilimdən düşməyib adın –
Böyük Mərcanlım, gəlirəm.
08.01.2021
АNАMIN ƏLLƏRİ
Аnаmın əlləri tоrpаğа bənzər,
Ömrümün dil аçаn hər izi оrdа.
Еlimin-оbаmın dоlu ürəyi,
Yurdumun gеcəsi, gündüzü оrdа.
О, yоlum üstündə günəştək yаnаr,
Оnsuz nеçə аrzum qаlаr yаrıdа.
Bu kövrək əllərdən zəmi bоylаnаr,
Sünbültək dən tutаr bаrmаqlаrı dа.
Bu əllər düzlüyə, sаflığа аrха,
Niyyəti su kimi durulаr оnun.
Çətin ki, zəhmətdən çəkinə-qоrха,
Çətin ki, ümidi qırılа оnun.
Аnаmın əlləri tоrpаğа bənzər,
Hər təzə addımım, hər izim оrdа.
Bаrlı tаrlаlаrım, ulu dаğlаrım,
Kükrəyən çаylаrım, dənizim оrdа.
Qəzəbdən düyülər dаrdа-çətində,
Yadların önündə аçılаn dеyil.
Yаşаmаq еşqi vаr əzəmətində,
Bu əllər hеç zаmаn kiçilən dеyil.
Hazırladı: Mina RƏŞİD