14.12.2025, 22:11
AZ EN
14.12.2025, 09:48 115

“Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi olub

XƏBƏRLƏR
  • Dekabrın 13-də “Litera” kitab evində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, tarixçi, yazar Əfqan Vəliyevin “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi keçirilib.

Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsi çərçivəsində Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun “Əzəli yurd” layihəsi əsasında hazırlanıb.

Tədbirdə dövlət qurumlarının rəsmiləri, QHT rəhbərləri, elm və ictimaiyyət nümayəndələri və media iştirakçıları yer alıblar.

Tədbiri giriş sözü ilə açan “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu əsərin mahiyyətindən və elektron kitabın ərsəyə gəlmə prosesindən, həmçinin tarixi Zəfərimizin əhəmiyyətindən söz açıb.

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov “Əzəli yurd” layihəsinin ərsəyə gəlməsindən bəhs edib: “Bu kitabın, həmçinin Azərbaycan və ingilis dillərində elektron formatını da hazırladıq ki, dünyanın hər yerində bu dəyərli tədqiqat əlçatan olsun”.

Sonra “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni çıxış edib: “Biz birmənalı şəkildə bu cür layihələri alqışlayırıq. Bu araşdırmaların ərsəyə gəlməsi tarixi Zəfərimizdən sonra əldə edilən uğurdur. Bu gün əzəli yurdumuz olan Qərbi Azərbaycana qayıdışa hazırıq”.

Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə kitab barəsində öz fikirlərini bölüşüb: “Bu bizim tariximizdir. QHT-lər Qərbi Azərbaycan sahəsində müxtəlif layihələr işləyirlər. Ümid edirik ki, belə təşəbbüslər çox olacaq”.

“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə çıxışında bildirib: “Azərbaycan xalqı çox qəhrəman xalqdır. Biz təkcə Ermənistandakı bir ovuc düşmənlə yox, dünya erməni lobbisi ilə də savaşdıq və qalib olduq. Bu gün belə layihələrin həyata keçirilməsinə ancaq sevinə bilərik”.

Tədbir çərçivəsində hüquqşünas tədqiqatçı Səməd Vəkilov, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı və digərləri çıxış edərək MİMTA Fondu və Əfqan Vəliyevə təşəkkürlərini bildiriblər. (AZƏRTAC)

Oxşar xəbərlər