14.12.2025, 08:03
AZ EN
01.12.2025, 14:18 246

Kosaları qəhrəman kənd kimi tarixə yazan oğullar...

XƏBƏRLƏR
  • Bu gün bir kəndin misalında Birinci Qarabağ Müharibəsində də igid oğullarımızın necə bir qəhrəmanlıq dastanları yazdıqlarının bir daha şahidi olacağıq. Həmin kənd o hadisələrin şahidləri və əhali arasında “Qəhrəman kənd” hesab edilir. Bu Xocalının Kosalar kəndidir. Kosalar o kənddir ki, Birinci Qarabağ Müharibəsində onun adı çəkiləndə düşmənin canına vəlvələ düşürdü. İgid Vətən oğullarının qorxusundan Kosalar uğrunda döyüşməkdən yayınan 300 nəfər erməni əsgəri elə düşmənin özü tərəfindən öldürülmüşdü. Kosalar kəndində aldıqları ağır zərbələrə görə ermənilər o vaxt düz 3 dəfə özlərinə matəm elan etmişdilər. Bu günlərdə Xocalı TV-nin qəhrəman Kosalar kəndindən hazırladığı süjet dediklərimizi bir daha təsdiq edir.

Jurnalist, özü də Kosalar kəndindən olan Qalib Bəyməmmədoğlu deyir ki, torpaqlarımıza qarşı erməni qəsbkarları təcavüzə başlayan gündən, Xocalı rayonunun Kosalar kəndindən olan könüllülər də özünümüdafiə dəstələri yaratmışdılar. Ancaq münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi, Kosalar kəndində də əhalinin əlində olan ov silahları da alınmışdı. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək, kəndin müdafiəsini təşkil etmişdilər. Həmin qanlı döyüşlərdə Kosalar neçə sayseçmə oğlunu şəhid verdi. Döyüşçülərimiz arasında yaralı və itkin düşənlərin olmasına baxmayaraq, igid oğullarımız Kosalar uğrunda sinələrini sipər edərək onu düşmənə vermədilər. İgid oğullar düşmənə ağır zərbələr endirərək doğma Kosaları qəhrəman kənd kimi tarixin yaddaşına yazdılar...

1992-ci il may ayının 8-də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər Kosalar kəndinə mayın 9-da çatanda əhalinin ümidi sarsıldı. Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi artıq işğal edilmişdi. Şuşanın işğalı kəndin mühasirəyə düşməsinə səbəb oldu. Qız-gəlini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə  məcbur qaldılar. Artıq düşmən bu istiqamətdə də hərbi texnikasını önə çıxarmış, demək olar ki, əsas yolları nəzarətə götürmüşdü. Buna görə də orada itkilərimiz çox oldu. Vəziyyəti belə görən əhali apara bilmədiyi texnika və daşınmaz əmlakına od vurub yandırdı ki, düşmənə qənimət olaraq qalmasın. Bundan sonra isə onlar əliyalın, uşaqlı-qocalı dağlara üz tutdular.

İndi Q.Bəyməmmədoğlu Kosalar kəndində o vaxt öldürülmüş 211 nəfər erməni quldurunun adı həkk edilmiş kiçik bir abidəni bizə nişan verir. Bildirir ki, bu ərazidə təbii olaraq şam ağacları bitmir. İndi bu gördüyünüz qollu-budaqlı, iri ağacları da o vaxt düşmənimiz burada əkmişdi...  

Mina RƏŞİD

Oxşar xəbərlər