Bu fikirləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı söyləyib.
Bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Cənubi Qafqaz dövlətləri yenidən müstəqillik qazandıqdan sonra Ermənistan ərazi iddialarını, işğalçılıq, soyqırımlar, qətliamlar, cinayətlər seriyasını davam etdirirdi. Ermənistanın bu siyasəti Cənubi Qafqazda həm dövlətlər arasında münasibətlərin normal şəkildə qurulmasına mane oldu, həm də müəyyən regional layihələrin reallaşdırılmasının vaxtını uzatdı. Onların daha uzun müddətdə həyata keçirilməsinə səbəb oldu. Ermənistan Cənubi Qafqaza kənardan təzyiq etmək istəyən dövlətlərə bir növ imkan yaratdı.
Ona görə 2020-ci ilin 44 günlük Vətən müharibəsinin yekunları, o cümlədən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, “biz 86,6 min kvadrat-kilometrlik əraziyə hörmət edirik” deməsi çox ciddi uğurlu siyasətin nəticəsidir. Bu, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, həmçinin Cənubi Qafqazda gələcəkdə sülh və əməkdaşlıq mühitinin formalaşdırılması baxımından önəmlidir. Bu regiona gələcəkdə kənar güclərin təsir, təzyiq və müdaxilə imkanlarının məhdudlaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, bu nəticəni ortaya çıxaran Azərbaycanın uğurlu siyasəti, beynəlxalq hüquqa əsaslanan ədalətli və qətiyyətli mövqeyidir. Eləcə də bu mövqeyini cəsarətlə davam etdirməsidir. Yəni ölkəmizin rəhbərliyi uğurlu siyasət yürütdüyü üçün bir çox dövlətlər tərəfindən dəstəklənən işğalçı Ermənistan məğlubiyyətə düçar oldu.
Politoloqun sözlərinə görə, bu, Ermənistanın gələcəyi, məğlubiyyətdən dərs çıxararaq daha rasional, məntiqli, beynəlxalq hüquqa uyğun siyasət formalaşdırmaq baxımından önəmlidir. Eyni zamanda, Ermənistanı müharibəyə təşviq edən, təxribata, həmçinin revanşızmə meyil etdirməyə çalışan kənar güclər üçün də dərs olmalıdır. “Ermənistanı təhrik edən istənilən kənar güc, eləcə də Qərb dövlətləri bundan nəticə çıxarmalıdır. Çünki bu cür təşəbbüslərin uzunmüddətli təsir yaratması mümkün deyil. Azərbaycanın uğurlu xarici və təhlükəsizlik siyasəti, Türkiyə ilə yaratdığı beynəlxalq hüquqa əsaslanan ədaləti təmin etmək istəyən birgə müttəfiqlik, eləcə də digər uğurlu ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları bunun qarşısını mütləq alır. Yəni işğalçılıq təşəbbüslərini reallaşdırmaq, beynəlxalq hüququ heçə saymaq mümkün deyil. Azərbaycan özü, bəzən təkbaşına, bəzən müttəfiqləri ilə birlikdə bu çirkin niyyətlərin qarşısını qətiyyətlə alır. Bu təşəbbüsləri göstərmək və təhrik etmək istəyənləri isə məğlubiyyətə uğradır”, - deyə A.Aslanlı qeyd edib. (AZƏRTAC)