"Vətən səsi" xəbər verir ki, universitetdə təhsil alan tələbələrin yataqxana həyatını rəqəmsallaşdıran bu platforma Azərbaycan Respublikası Gənclər Fondunun “Rəqəmsal” qrant müsabiqəsi əsasında qurulub. “SmartYurd – veb-saytının yaradılması” adlı layihə artıq başa çatıb. Layihə nəticəsində smartyurd.az saytı istifadəyə verilib.
“SmartYurd” Qarabağ Universitetinin tələbələri üçün xüsusi olaraq hazırlanmış müasir rəqəmsal yataqxana idarəetmə sistemidir. Veb-saytın əsas məqsədi yataqxana ilə bağlı prosesləri optimallaşdırmaq, tələbələr üçün daha rahat, şəffaf və səmərəli bir mühit yaratmaqdır. “SmartYurd” layihəsi tələbələrin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına da mühüm töhfə verəcək. Bu yenilikçi platforma tələbə məmnuniyyətini artırmaq və onlara müasir standartlara uyğun yaşayış təcrübəsi təqdim etmək istiqamətində atılmış mühüm bir addımdır.
Layihənin rəhbəri Qarabağ Universitetinin Keyfiyyətin təminatı və strateji inkişaf şöbəsinin müdiri Heydər Rzayev, layihənin koordinatoru isə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin ikinci kurs tələbəsi Fərid Fətullayevdir.
Xatırladaq ki, Qarabağ Universiteti Prezident İlham Əliyevin 2023-cü il 16 dekabr tarixli sərəncamı əsasında yaradılıb. Publik hüquqi şəxs statusuna malik universitet 1969-cu ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun filialının binasında fəaliyyət göstərir. 2024-cü ildə həmin bina əsaslı şəkildə təmir olunduqdan sonra univeristetə tələbə qəbulu aparılıb. Hazırda Qarabağ Universitetində 19 ixtisas üzrə 6 fakültə fəaliyyət göstərir.
Elxan SALAHOV