Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühiti barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin "Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgəyaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır" fikirlərini diqqətə çatdıran nazir mədəniyyətlərarası dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və mədəni diplomatiyanın beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb.
Forumun yüksək səviyyədə təşkilinə görə Səudiyyə Ərəbistanı Krallığına təşəkkür edən A.Kərimli UNAOC-un qlobal dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm beynəlxalq platforma olduğunu xüsusi qeyd edib.
Çıxışda Azərbaycanın UNAOC ilə əməkdaşlıq çərçivəsində dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərə toxunulub. (Report)