Qarabağ Universitetinin Elm şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Müstəqil Türk Dövlətlərində Dil Siyasəti” adlı monoqrafiyası nəşr olunub.
Bu barədə universitetin məlumatında bildirilib.
Qeyd olunub ki, bu kitab Qarabağ Universitetinin Elmi Şurasının qərarı ilə çap edilən ilk elmi monoqrafiyadır və ali təhsil müəssisəsinin elmi fəaliyyətində mühüm mərhələni təmsil edir. Monoqrafiyada müasir dilçiliyin yeni istiqamətlərindən biri olan dil siyasəti və dil planlaşdırması məsələləri əvvəlcə nəzəri aspektdə təhlil olunmuş, daha sonra isə türk respublikaları üzrə sistemli və müqayisəli şəkildə araşdırılmışdır. Kitabda Orxon-Yenisey abidələrindən başlayaraq günümüzə qədər Türk dünyasında baş verən dil prosesi, ümumi və spesifik mənada dil siyasətləri diaxron və sinxron müstəvidə tədqiq olunmuşdur.
Əsərdə son 30 ildə müstəqillik qazanmış türk respublikalarında həyata keçirilən dil siyasətləri və bu sahədə qarşıya çıxan əsas problemlər təhlil edilmiş, onların həlli yolları və gələcək perspektivləri göstərilmişdir. Eyni zamanda, türklərin azlıq təşkil etdiyi dövlətlərdə onlara qarşı aparılan dil siyasətləri də araşdırılmış, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi çərçivələrə istinad edilmişdir.
Bu kontekstdə Rusiya Federasiyası, Çin Xalq Respublikası, İran İslam Respublikası, Moldova, Bolqarıstan və Gürcüstan kimi ölkələrdə yaşayan türk xalqlarının dillərinin mövcud vəziyyəti və onların qorunması məsələləri geniş şəkildə təhlil olunmuşdur.
Monoqrafiyanın elmi redaktorları Almaniya Azad Berlin Universitetinin professoru Barbara Kellner Heinkele, Türkiyə Başkent Universitetinin professoru Süer Ekerdir.
Tahirə AĞAMİRZƏ