15.12.2025, 19:34
AZ EN
15.12.2025, 17:40 46

Horovlu növbəti köçü qarşıladı: “Uşaqlarımın yarımçıq qalan xatirələrini indi nəvələrim davam etdirəcək”

ŞƏRQİ ZƏNGƏZUR
  • Horovluya qayıdan sakinlər üçün bu gün doğma yurda qovuşmaqla bərabər, həm də uzun illərin Vətən həsrətinin sona çatmasıdır. Doğma torpağa yenidən ayaq basmaq, yarım qalan xatirələri davam etdirmək və ailə üzvləri ilə birlikdə yeni firavan həyata başlamaq sakinlər üçün əvəzolumaz duyğulardır. Horovlu sakinlərinin sevinc və qürur dolu hissləri onların təəssüratlarında da aydın hiss olunur.

Kəndə köçən Azad Cəfərov bildirib ki, 1993-cü ildə məcburi şəkildə doğma kəndini tərk etməli olub. 32 ildən sonra isə Horovluya ailə ilə birlikdə sevinc göz yaşları ilə qayıdıb.

O deyib: “Şükürlər olsun, bu günə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Ali Baş Komandan İlham Əliyevin canını sağ eləsin. Onun rəhbərliyi və şanlı Ordumuzun gücü sayəsində torpaqlarımız düşməndən azad olundu.

Kəndimizə baxdıqca böyük qürur hissi keçirirəm. Kəndə qayıtdığımız gün Vətənimiz bizi Günəşli hava ilə qarşıladı. Məcburi köçkün düşsək də, bir an belə ümidimizi itirmədik və doğma yurda qayıdacağımız günü səbirsizliklə gözlədik. Bu gün həmin gündür. Kəndə ilk daxil olanda bir vaxtlar çalışdığım anbar binasını gözlərim axtardı. Həmin bina işğal dövründə dağıdılsa da, indi onun qalıqları tarixi abidə kimi qorunub saxlanılır.

Sevinc və həyəcan hissləri bir-birinə qarışıb. Qürur duyuram ki, yenidən doğma kəndimdəyəm. Ailəm, övladlarım və nəvələrim də artıq mənimlə birlikdə Horovluya qayıdıb”.

Özünü sanki yuxuda hiss etdiyini deyən Sürəyya İsmayılova da kəndinə qayıtmağın sevincini yaşayır.

"Horovluya qayıtmağı hər gün ümid dolu arzularla gözləmişik və bu gün ən böyük arzumuz gerçəkləşdi. Prezident İlham Əliyevə və şanlı ordumuza sonsuz təşəkkürümü bildirirəm. Horovludan çıxanda 39 yaşım var idi. Yarımçıq qalan xatirələrimiz, tamamlanmamış uşaqlıq illərimiz qalmışdı. İndi isə övladlarım övladları ilə birlikdə Horovluya qayıdıblar. Bir vaxtlar uşaqlarımın yarım qalan arzularını bu gün nəvələrim davam etdirəcək.

Bu gün həyatımızın ən xoşbəxt günüdür. Kəndimiz xeyli gözəlləşib, yeni evlər tikilib, abadlıq işləri aparılıb. Məktəb, uşaq bağçası, istirahət parkı salınıb. Xoşbəxt günlərimiz Horovluda yenidən başlayır”, - deyə o vurğulayıb.

Horovluya qayıdan İdris Quliyev də sanki yenidən dünyaya gəldiyini bildirib. Deyir ki, onu üçün bundan sevincli gün ola bilməz: “Bu kənddə doğulub boya-başa çatmışam, ailə qurmuşam. Horovlu mənim həyatımın bir parçasıdır. 32 il kəndimizdən uzaq düşsək də, qayıdacağımız günü ümidlə gözləmişik. Horovlu bizim üçün həm doğma yurd, həm də müqəddəs torpaqdır. Bu torpaqlar uğrunda qəhrəman oğullarımız canından keçib. Onların sayəsində biz bu gün öz elimizə qovuşmuşuq. Horovlu sakini olaraq Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna dərin təşəkkürümü bildirirəm. Torpaqlarımız azad edildiyi kimi, qısa müddətdə burada geniş tikinti-quruculuq işləri də aparılıb. Kəndimiz daha da gözəlləşib, yaşayış üçün hər cür şərait yaradılıb. Bizim xoşbəxt günlərimiz Horovluda yenidən başlayıb”.

Qeyd edək ki, Horovlu kəndinə köç davam edir. Bu gün kəndə daha 22 ailə olmaqla 85 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. (AZƏRTAC)

Oxşar xəbərlər