Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, dahi şəxsiyyətin Vətən qarşısında xidmətlərindən, Azərbaycan tarixində oynadığı əvəzsiz roldan bəhs edən kitablar çoxdur və onların heç biri bir-birini təkrarlamır. Həmin kitabların bir çoxunun təqdimatı məhz Milli Kitabxanada keçirilib.
Natiq bildirib ki, Elmira Axundova Ulu Öndər haqqında uzun illər ərzində gördüklərini, eşitdiklərini qələmə alıb, onunla çalışdığı illərdə aldığı müsahibələrdən ibarət çox sayda kitablar yazıb. Artıq bir neçə dildə çap olunmuş kitabın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan dilində nəşr edildiyini, ikicildliyin I cildində Ulu Öndərin həyatının müxtəlif mərhələlərinin əks olunduğunu, II cildində isə görkəmli şəxsiyyətlərin, ziyalıların onun haqqında müsahibələrinin, söhbətlərinin yer aldığını vurğulayıb.
Görkəmli heykəltaraş, Xalq rəssamı, akademik Ömər Eldarov yaxından tanıdığı və uzun illər dostluq etdiyi dahi siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətlərindən danışıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Ulu Öndərlə 10 il çiyin-çiyinə çalışdığını vurğulayıb, onun mədəniyyətin bütün sahələrinə olan marağından danışıb. Hakimiyyətinin hər iki dövründə mədəniyyət, incəsənət xadimlərinə xüsusi diqqət edən Ulu Öndərin dövlət xadimi olaraq mədəniyyəti necə dərindən bildiyini söyləyən natiq onun haqqında günlərlə danışmağın mümkünlüyünü diqqətə çatdırıb.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin son dərəcə səmimi, mülayim insan olduğunu, onunla bir neçə dəfə ünsiyyətdə olduğunu qeyd edib. Akademik kitabda Ulu Öndərə yaxın olan, Azərbaycan mədəniyyətinin daşıyıcıları hesab edilən şəxsiyyətlərin müsahibələrinin yer almasına baxmayaraq, Elmira xanımın həm də bu təkmil, mükəmməl kitabın müəllifi olduğunu bildirib.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov müəllifə Ulu Öndərin zəngin irsini araşdıraraq təbliğ etdiyinə, onun mədəniyyətə verdiyi dəyəri geniş izah etdiyinə görə təşəkkür edib. O, I cildin daha çox tədqiqatlar əsasında qurulduğunu, Ulu Öndərin həyatının müxtəlif mərhələlərini əks etdirdiyini, II cildin isə söhbətlərdən ibarət olduğunu söyləyib. Kitabı oxuyarkən Ulu Öndərin bir çox maraqlı tezislərinə rast gəldiyini qeyd edən nazir müavini “Ziyalılar xalqın milli sərvətidir” tezisini diqqətə çatdırıb. O, Mədəniyyət Nazirliyinin Elmira Axundova ilə əməkdaşlığından danışıb, yeni kitabların nəşrinin nəzərdə tutulduğunu vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva söyləyib ki, təqdimatına toplaşılan kitab olduqca dəyərlidir, çünki kitabda Azərbaycan tarixinin Ulu Öndərlə bağlı olan dövründən bəhs edilir. Ulu Öndərin Azərbaycan mədəniyyətini dövlətçiliyimizin əsaslarından biri hesab etdiyini vurğulayan Milli Məclisin deputatı Ümummilli Liderin mədəniyyətimizin bütün sahələrində izlərinin, töhfələrinin olduğunu, mədəniyyətə xüsusi qayğı və diqqətlə yanaşdığını bildirib, onunla bağlı çoxsaylı xatirələrinin olduğunu söyləyib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın yaxın dostu, tanınmış jurnalist Mixail Qusman Heydər Əliyevi bütün dövrlərin dahi şəxsiyyətlərindən biri adlandırıb. Heydər Əliyevin bütün həyatının ölkəyə və onun gələcəyinə həsr olunduğunu, öz xalqı üçün yaşadığını söyləyən natiq Azərbaycanı faciələrdən qurtarmış, xilas etmiş bu dahi şəxsiyyətin xatirəsinin əziz olduğunu qeyd edib. O bildirib ki, kitabın müəllifi olan Elmira xanım uzun illərdir ki, Heydər Əliyevlə bağlı kitablar yazır və bu kitablar olduqca dəyərlidir.
Tədbirin davamında Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli çıxış ediblər.
Elmira Axundova Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşərək sözügedən nəşrin işıq üzü görməsinə görə Mədəniyyət Nazirliyinə, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə və bütün qonaqlara təşəkkürünü bildirib. (AZƏRTAC)