O, 1895-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində, daha doğrusu, İrəvanın yaxınlığındakı Göygümbəz kəndində anadan olub. Atası Ağabəy kişi dövrünün tanınmış, maarifpərvər, xeyirxah və olduqca alicənab şəxslərindən-bəyzadələrindən idi. Anası Fatimə xanım üç oğlunun təhsilə bağlılığında böyük səy göstərib. Mustafa bəy İrəvanda gimnaziyanı bitirdikdən sonra Kiyevə üz tutub və orada universitetin tibb fakültəsində təhsil alıb. Onun ali təhsilini başa vurduğu vaxt çox qarışıq bir dövrə təsadüf edib. Ölkədə Oktyabr inqilabı baş verib və erməni daşnaklarının törətdiyi iğtişaşlar nəticəsində Topçubaşovlar İrəvandan Naxçıvana üz tutmaq məcburiyyətində qalıblar.
Daha sonra Bakıya köçən Topçubaşov xəstəxanalarda cərrahlıq edib, 1920-1923-cü illərdə Bakı Dövlət Universitetinin tibb fakültəsinin cərrahlıq klinikasında ordinator, 1923-1930-cu illərdə fakültə cərrahlığı klinikasında assistent işləyib. 1930-cu ildə doktorluq dissertasiyası müdafıə edib və həmin işin elmi əhəmiyyətinə görə ona professor adı verilib və o, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müdiri seçilərək ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirib.
Vaxtilə SSRİ-nin bir nömrəli cərrahı sayılan, dünya tibb elmində bir sıra yeniliklər, kəşflər edən Mustafa bəy Topçubaşovun başı az bəlalar çəkməyib. Qohumu Əlimərdan bəy Topçubaşova görə 30-40-cı illərdə çox çək-çevirlə üzləşib. Xoşbəxtlikdən Mustafa bəy bu bəladan çətinliklə də olsa, qurtula bilib. Hətta belə bir fakt da var ki, Stalinin yaxın bir adamını məhz Mustafa bəy Topçubaşov ölümdən xilas edib. Bütün həkimlərin aciz qaldığı və əlini üzdüyü xəstəni Mustafa bəy cərrahi müdaxilə ilə həyata qaytarıb.
Mustafa bəy Topçubaşovun dünya tibb elminə gətirdiyi yenilik öz dövrü üçün çox böyük uğur sayılırdı. O, 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efir-yağ narkozunu - analgeziya üsulunu kəşf edib. Həmin üsul sadəliyinə, hazırlanma və tətbiq olunma texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq olunub. Efir-yağ qarışığı inyeksiyaları həm də öd daşı sancılarında, travmatik şok, tetanus, qıcolma hallarında, həmçinin, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilib. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verilib.
Onun tibb elminə gətirdiyi yenilik, dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulu - inyeksion efir yağ narkozunu tətbiq etməsi çox böyük uğur idi və hər yerdə tətbiq edilirdi. Dünya Nobel Mükafatı Komitəsi Mustafa bəy Topçubaşova yüksək mükafat verməyə hazırlaşırdı. Təəssüf ki, həmin il tibb üzrə Nobel mükafatı heç kimə verilmədi. Sonradan məlum oldu ki, bu kampaniyanın da arxasında o vaxt Moskvanın elm, təhsil və mətbuat orqanlarında kök salmış bədxah və xain ermənilər dayanıb. Onlar görkəmli alimin həmin mükafata layiq görülməsinin qarşısını alıblar.
1945-ci ildə yenidən yaradılmış Azərbaycan Elmlər Akademiyasının 15 həqiqi üzvü və görkəmli alimi arasında Mustafa bəy Topşubaşov da olub və o, 1947-1949-cu illərdə Eksperimental Tibb İnstitutuna rəhbərlik edib. 1951-ci ildən həyatının sonuna qədər Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışıb. Görkəmli alim 1949-cu ildə SSRİ Tibb Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilib. 1964-cü ildə SSRİ Tibb Elmləri Akademiyası A. V. Vişnevski adına Ümumittifaq Cərrahiyyə İnstitutunun Elmi Şurasında Mustafa bəy Topçubaşovun tibb elminin inkişafındakı, xüsusilə də, analgezin inyeksiya üsulunun işlənib hazırlanmasındakı xidmətləri A. V. Vişnevski adına xatirə medalı ilə təltif olunub.
Mustafa bəy Topçubaşov 62 illik əmək fəaliyyəti dövründə 100 minə yaxın uğurlu cərrahiyyə əməliyyatı aparıb. O, gərgin elmi və praktik fəaliyyətlə yanaşı, tibb kadrlarının hazırlanması sahəsində də böyük işlər görüb. Onun rəhbərliyi altında 35 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə edib. 1975-ci ildə yüksək mükafata - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən akademik Mustafa bəy Topçubaşov dörd Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, döyüş orden və medalları, Bolqarıstanın III dərəcəli "Kirill və Mefodiy" ordeni və eyni zamanda, "SSRİ sanitar müdafiəsi" ordeni və "SSRİ sanitar müdafiəsi əlaçısı" döş nişanı ilə təltif olunub. Mustafa bəy Topçubaşov 200-dən artıq elmi işin, o cümlədən 5 cildlik "Xüsusi cərrahiyyə" əsərinin, 7 monoqrafiyanın, kəşf və ixtiraların müəllifi olub, onun məsləhətçiliyi və rəhbərliyi altında 8 doktorluq və 16 namizədlik dissertasiyası müdafiə edilib.
Ölkəmizdə akademik Mustafa bəy Topçubaşovun adı əbədiləşdirilib. Görkəmli elm xadiminin anadan olmasının 100 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd edilib. Prezident İlham Əliyevin 10 iyun 2025-ci il tarixdə "Akademik Mustafa bəy Topçubaşovun anadan olmasının 130 illiyi"nin qeyd olunması haqqında imzaladığı Sərəncam görkəmli elm xadiminin xidmətlərinə müstəqil dövlətimizin yüksək ehtiramının əməli ifadəsidir. Azərbaycan elminin və təbabətinin inkişafına böyük töhfələr vermiş akademik Mustafa bəy Topçubaşovun parlaq adı və xidmətləri yeni nəsillər üçün əsl örnəkdir. Hazırda paytaxtdakı Elmi Cərahiyyə Mərkəzi kimi böyük tibb müəssisəsi də onun adını daşıyır. (AZƏRTAC)