Bu fikirləri müsahibəsində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri, akademik Fikrət Əliyev söyləyib.
O deyib ki, artıq 1988-ci ilin dekabr ayında Qərbi Azərbaycanda nüvədililərdən başqa bir nəfər belə azərbaycanlı qalmamışdı: “1988-ci ildə Qərbi azərbaycanlıların deportasiyası başladı, noyabr ayında əhali, demək olar ki, tamamilə dədə-baba yurdlarını tərk etməyə məcbur oldu. Artıq dekabrın sonunda orada bir nəfər də azərbaycanlı qalmamışdı. Çünki elə vəziyyət yaradılmışdı ki, qalmaq qeyri-mümkün idi, heç nə yox idi. Ancaq Nüvədi camaatı çıxmadı. Nəyə görə? Çünki Nüvədinin həm əhalisi çox idi, həm bir tərəfi Zəngilana bağlı idi, oradan kömək gəlirdi. Buna görə də 1989-cu ildən ermənilərin bütün diqqəti Nüvədiyə yönəldi və vəziyyət daha da gərginləşdi – kəndimizin elektrik xəttini kəsdilər, camaat qaldı qaranlıqda”.
Akademik qeyd edib ki, Nüvədi yalnız xalqın gücünə qorunurdu və bunun hesabına 1991-ci ilə qədər müqavimət göstərə bildi: “Bundan başqa, kənd camaatının terrorçulara qarşı müqavimət hərəkatı var idi. Təxminən 300 nəfərdən ibarət özünümüdafiə dəstəsi kəndi qoruyurdu. Bu minvalla 1991-ci ilə qədər Nüvədi müqavimət göstərdi”. (AZƏRTAC)