27.06.2025, 05:41
AZ EN
11.06.2025, 09:24 242

Bu gün şəhid Fərid Hüseynovun doğum günüdür

XƏBƏRLƏR
  • Deyir, insan var öləndə adı daşlara yazılır, insan da var, adı yaddaşlara yazılır. Fərid də belə oğullardan biridir. Şanlı Zəfərimizə imza atan qəhrəmanlarımızdan biri…

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Hüseynov Fərid Ehtibar oğlunun doğum günüdür. Fərid Hüseynov 11 iyun 1994-cü ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Fərid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Fərid Hüseynov 29 sentyabrda Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fərid Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə yadigar qalıb. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər