Bu fikirləri “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri, professor İslam Mustafayev iyunun 3-də keçirilən mətbuat konfransında səsləndirib.
İ.Mustafayev, həmçinin deyib: “Biz bu ictimai mübarizəni təşkil edərkən atom enerjisinə və ya müasir texnologiyalara qarşı çıxmaq niyyəti daşımırıq. Bizim etirazımız risk mənbəyi olan, köhnəlmiş, texniki cəhətdən nasaz vəziyyətdə olan və təbiətin zəlzələyə meyilli bölgəsində yerləşən bu obyektin fəaliyyətinə qarşıdır. Bundan əlavə, bu stansiyanın yerləşdiyi ölkə kifayət qədər ixtisaslaşmış insan resurslarına və mütəxəssislərə malik deyil. Həmçinin bu ölkənin qonşu dövlətlərə qarşı ərazi iddiaları da var. Belə bir şəraitdə bu cür təhlükəli texnologiyanın istifadəsi qəbulolunmazdır”.
İslam Mustafayev qeyd edib ki, sözügedən atom elektrik stansiyası Ermənistanın paytaxtı İrəvan şəhərindən təqribən 60-70 kilometr, Türkiyə sərhədindən 16 kilometr, Azərbaycan sərhədindən 60 kilometr, Gürcüstan sərhədindən isə 120 kilometr məsafədə yerləşir. Bu stansiya, əslində, regionun dörd ölkəsinin kəsişdiyi ərazidə yerləşir. Əgər burada hər hansı qəza baş verərsə, bu, sadəcə bir ölkəni deyil, bütün regionu ciddi təhlükə altına alacaq. (AZƏRTAC)