Azərbaycanda da minaaxtaran xanımlar komandası fəaliyyət göstərir. Bu xanımlar Qarabağın minalardan təmizlənməsində əks cinsin nümayəndələrindən heç də geri qalmırlar. Zərifliyi ilə bütün güclərə meydan oxuyanların hekayələrini öz dillərindən dinləyək...
Seyran Babayeva:
-Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olmuşam. Məcburi köçkün olan vaxtlar uşaqlığımın yarımçıq qaldığı bir dövr olub. Demək olar ki, uşaqlığımı heç yaşamamışam. Biz məcburi köçkün düşəndə 13-14 yaşım var idi. Mən o anı hər dəfə xatırlayanda kövrəlirəm., çünki o vaxt maşın yox idi. Gülablıdan Bağbanlar kəndi vardı, ora qaçanda rəhmətlik anam əlimdən tutub aparırdı. İndiki kimi yadımdadır, ağlayırdım ki, mən qaça bilmirəm. Çünki maşın yox idi, piyada qaçırdıq. Anam həmişə deyirdi ki, qorxma, az qalmışıq. Yolu yeriy bilməyəndə məni alırdı kürəyinə. Uşaqlardan ən balacası mən idim. Anam ağlaya-ağlaya, arxadan da ermənilər “Alazan” deyilən silahdan atırdılar. O vaxt indiki kimi müasir silah, sursatlar yox idi, top idi...
Biz gəlmişdik Ağdam rayonunun Xındırıstan kəndinə. Gülablıdan məcburən çıxdığımız vaxt Ağdam rayonunun Maqsudlu kəndində orta təhsil alırdım və təhsilim yarımçıq qalmışdı. Mən 16 yaşında ailə qurdum, 4 övladım oldu. Onları böyütdüm. Sonra texnikumu bitirdim. Özümün mağazam var idi, orada işləyib övladlarımı böyüdürdüm. Demək olar ki, ailə başçısı mən olmuşam...
Dövlət Məşğulluq Agentliyinə işsiz olduğum barədə məlumat vermişdim. Bir gün mağazada oturmuşdum, zəng gəldi ki, “iş var”. Mən çox sevindim.
Əmim kəndimiz işğal olunanda şəhid olmuşdu. Ailəsi, övladı olmayıb, onu atam saxlayıb. Atam da rəhmətə gedəndən sonra mən onun varisi olmuşam. Demək olar ki, onun həyatında məndən başqa heç kimi olmayıb. Bununla əlaqədar bu işə gəlmişəm. Həm də mən özüm demək olar ki, dağlarda böyümüşəm, yəni mən qorxan, çəkinən bir insan olmamışam. Mən fikirləşdim ki, o həyatı keçirmişəm, gedim, mənim də az da olsa, Vətənə köməyim dəyər.
Oğlum etiraz edirdi, qorxurdu ki, mənə nəsə olar. Ona görə də deyirdi ki ana, getmə. Deyirdim ki, oğlum, qismət Allahdandır, nəsə olsa, burada da olacaq, orda da olacaq. Vətən üçün gedirik. 3 ay təlim keçdik, mina çıxarmağı, döyüş sahəsini öyrəndik. İndi də işimi uğurla aparıram, amma indi həmin oğlum mənimlə fəxr edir.
Mən çox həvəslə işləyirəm, çox qürurverici bir işdir bizim işimiz. Qadın qrupu olaraq torpaqlarımızı təmizləyirik. Heç nədən çəkinmirik, qorxmuruq. Biz kişilərlə bərabər çiyin-çiyinə ərazilərdən minları təmizləyirik ki, camaatımız, xalqımız yaxşı şəraitdə minalardan təmizlənmiş evlərinə köçsünlər. Evdə anam da, mən bu işə başlayanda dedi ki, o, kişi peşəsidir, sən getmə, sən bacarmayacaqsan. Mən də dedim ki, bacaracağam və görəcəksiniz ki, kişi işi olsa da, qadın da bacarır.
Deməli, qadınlar da hər bir çətin işin öhdəsindən gələ bilərlər. Qadın zəif deyil, zərifdir. İşləməkdə də heç bir qadın kişidən geri qalmır. Eyni şəkildə, eyni formada kişilərlə buraları gəzib işləyirik. İşləyə bilməsək, biz oraya neçə çıxa bilərik?
Ağdamda mina ilə çirklənşim ərazilər çoxdur. Demk olar ki, mərmilər çirklidir. Oranı ermənilər o qədər minalayıblar ki, evləri uçurublar, dağıdıblar, evlər yox vəziyyətindədir, amma halbuki, bütün ətraf hamısı minalanıb. Çoxdur mina, saysız-hesabsız.. Nə qədər vaxt lazımdır ki, o minalar oradan təmizlənsin. Orda nəqliyyat əleyhinə minalat var idi. Biz nə qədər mina çıxardıq, sayını deyə bilmərəm, çox... Özü də yayın günü, istidə... çox isiti idi havalar. Yəni o reallığı görsəydiniz, özünüz qiymət verərdiniz, deməyə ehtiyac olmazdı.
İlk dəfə demək olar ki, həyacanlanır insan, bir az qorxu keçirir, bir az həyacan keçirir, evi, uşaqları fikirləşirsən ki, mənə nəsə olsa, uşqlara kim baxacaq?
Evdə 9 yaşında uşağım var, o biriləri böyükdür, hər dəfə bircə onu fikirləşirəm ki, körpədir. Deməli, Xındırıstandan gəlirəm, gecə saat 4-də dururam, onda o uşağı evdə yatılı qoyub gəlirəm. Gələnəcən onu fikirləşirəm ki, uşaq məktəbə gedecək, onu qonşuya tapşırıram. Evdə heç kim olmur, bir onu fikirləşirəm həmişə ki, görən uşaq necə getdi məktəbə? Yemək yedimi, ac getdimi? Görən paltarını necə geyindi, qonşu onu çağırdımı? Belə şeyləri bəli, düz evə qayıdanadək fikirləşirəm. Qadınlar eynidir, ana nəyi fikirləşir? Övladlarını fikirləşir...
7 “Qızıl qayda” var, onu bilirsənsə, deməli, sənin üçün qorxu yoxdur. Əgər özün səhlənkarlıq edir, məsuliyyətli olmursansa, işarələnmiş yerdən kiçirsən, işini səhlənkarlıqla aparırsansa, əlbəttə ki, nəsə ola bilər. İnsanın özündən asılıdır.
Nərmin Mustafayeva:
-1992-ci ildə Ağdamdan məcburi köçkün olmuşuq. Məcburi köçkün kimi Türk çadır şəhərciyində məskunlaşmışıq. Oralar çox şəraitsiz idi, suyumuz yox idi, yəni yaşamaq üçün heç bir şərait yox idi.
Uşaqlığımız orda keçib, palçıq, çox ağır vəziyyətdə. Yenə də buna baxmayaraq, biz öz təhsilimizi davam etdirdik. Birinci sinfi elə orda bitirmişəm və sonradan Ağdam ərazisində bizə məcburi köçkün kimi verilən evlərdə yaşadıq. Məktəbi orda bitirmişəm. 11-ci sinfi bitirdikdən sonra ailə həyatı qurdum, iki övladım dünyaya gəldi. Uşağımın birinin 14 yaşı var, hərbi liseydə oxuyur. Birinin də 6 yaşı var, birinci sinfə gedir. Oğlum hərbi liseydə qalığı üçün həftədə bir dəfə görürəm. Qızımı da anam saxlayır, onu birinci sinfə aparıb gətirir. Çox böyük travmalar yaşatdı bu terrorlar bizə. Qalıcı travmalar yaşatdı...
Kompüterdə tibb kurslarını bitirmişəm. Bu iş internet üzərindən qarşıma çıxdı, saytda qeydiyyatdan keçdim, gəldim, müsahibədən keçdik, sonra kurslara cəlb olunduq, təlimlər keçdik. Belə bir layihə oldu, oğlum da hərbi liseydə oxuduğu üçün mən də qatıldım ki, Vətənə qayıdışda mənim də bir töhfəm olsun.
Öz ata-baba yurduma ilk dəfə qadın minaaxtaran olaraq getmişəm. Bununla da fəxr edirəm. Atamgilə deyirəm ki, mən torpaqlarımızı təmizləyirəm ki, siz orada təmiz və rahat yaşayasınız. Öümlə fəxr edirəm ki, ilk minanı mən özüm tapmışam.
Baş Qərrvənd ərazisindəyidik, 3 gün idi ki, işə başlamışdıq. Getdiyimiz həftənin 3-cü günündə mən piyada əleyhinə mina tapdım. Bir az təşviş içində, həyacanım oldu ki, ilk minanı özüm tapmışam. Çünki biz qızlar arasında həmişə bir-birimizlə yarış aparırdıq ki, görəsən, ilk minanı kim tapacaq? Adam qəribə hisslər keçirir...
İşlədiyimiz xəttin o tərəfində mina olub, bu tərəfində biz işləmişik. O da bizim üçün riskli olub. Demişik ki, buranı işləyək, bitirək, keçək o tərəfə, oranı işləyək, amma bir az ehtiyatlı olaq, “qızıl qaydalara əməl edək”.
Səmayə Əhmədli:
-Mingəçevir şəhərində anadan olmuşam. Əslim Ağdamdandı. Bakı Dövlət Universtetinin sabah qrupları coğrafiya fakültəsinin coğrafiya müəllimliyi ixtisası üzrə bitirmişəm. 7 illik pedaqoji stajım olub. Müəllimə işləmişəm. Həmçinin direktor müavini işləmişəm və burda təlimlərə qatılanda öyrənmişəm ki, mən direktor seçilmişəm, amma təlimlərdən geri qayıtmamışam.
Əslində hər şey bir həftənin içində oldu, bir həftənin içində qərar verdim. Elanı gördüm, əvvəlcə inanmadım, gülə-gülə qarşılasam da. Elə müsahibəyə də gülə-gülə gəlmişəm. Çünki əvvəlcə inandırıcı gəlmirdi mənə. Düzü, ilk dəfə fikrim o idi ki, təlimləri keçib geri qayıdaram. Amma qayıtmadım, minaaxtaran kimi işləməyə davam etdim. Düşündüm ki, ola bilər. Müəllimələrin də sayı çoxdur, amma minaaxtaran kimi də işimi davam etdirə bilərəm. Mənim qardaşım müharibə veterandır, müharibə iştirakçısıdır. Bu torpaqları gəlib görməyi, təmizləməyi bir Ağdamlı kimi özümə borc bildim. Əvvəlcə anam müsbət qarşılamadı, o, bir az daha həyacanlı idi. Qardaşım da əlbəttə ki, bu çətinlikləri görmüşdü. Amma ola bilər ki, mənim həvəsim həvəsdir, yəni elə bir ailəm var ki, onlar heç vaxt mənim istəyimə qarşı çıxmayıb. Çətinliklər oldu, “bəlkə, geri qayıdım”, “bəlkə..””Bəlkə”lər çox olur... “Bəlkə geri çəkilim” düşüncələri arasında qalmışdım. Amma düşündüm ki, mən hələ minaaxtaran kimi detektor tutmamışam, mən hələ minaaxtaran kimi bir mina tapmamışam, Ona görə də, geri çəkilmək hələ tezdir...
Mən düşünürəm ki, qadın işi, kişi işi deyə bir şey yoxdur. Belə ayrı-seçkilik bizim cəmiyyətdədir. Mənə elə gəlir ki, biz ilk qadın minaaxtaranlar olaraq elə cəmiyyətdə bu sterotipləri qırmaq üçün burdayıq və mənə elə gəlir ki, bacarırıq. Qadınlar daha səbirli, diqqətli olurlar və biz bu işdə sözümüzü deyə bilirik...
İlk çıxdığımız gündən 5 gün sonra mina tapmışam. Əlbəttə ki, bir mina neçə insan həyatını xilas etmək demək idi. Minanın qorxusu deyildi, amma mina görməyin həyacanı idi ki, real görmək daha maraqlı idi.
Bir az gözümüzü qorxudan elə Suqovuşan oldu, bu ərazi oldu, çünki şəhərdə böyüyənlər üçün çətin idi belə dağlıq-qayalıq ərazilərdə gəzmək. Amma o da sadəcə bir günümüzü aldı, bir az tez öyrəşdim. Düzü, evdəkilər düşünmürdülər ki, belə tez öyrəşə bilərəm, amma öyrəşdim. Həftəsonları da təmlərdən sonra ailəmizin yanına gedirik. Ümumiyyətlə, əslində, bütün işlərin qorxulu tərəfi var, bu işdə də ən çox özünü psixoloji cəhətdən hazır hiss etməlisən. Psixoloji cəhətdən hazır hiss etmədinsə, bütün işlər risklidir.
ANAMA, BMT və digər beynəlxalq donorların dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən Qadın minaaxtaranlar komandası formalaşdırılır.
Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan Azərbaycan ərazisinə bir milyondan çox mina basdırıb. Bununla insan həyatı ilə yanaşı, ekologiyaya da ciddi zərər verib. Qadın minaaxtaranlar komandası isə indiyədək ümumilikdə 104 tank əleyhinə, 18 piyada əleyhinə mina, 37 partlamamış hərbi sursat aşkarlayıb.
2023-cü il: 16 piyada əleyhinə, 8 tank əleyhinə mina, 113 partlamamış hərbi sursat.
2024-cü il: 2 piyada əleyhinə, 93 tank əleyhin mina, 10 partlamamış hərbi sursat.
2025-ci il: 14 partlamamış hərbi sursat, 3 tank əleyhinə mina.
Hazırda Minaaxtaran qadınlar komandası Suqovuşan qəsəbəsində, həmçinin Ağdərə rayonunun Talış və Çaylı kəndlərində işlərini davam etdirirlər. Bu günə qədər isə komanda sayəsində Ağdam rayonunun Baş Qərvənd, Nərminli, Güllücə kəndləri minadan təmizlənib. İndiyədək təmizlənmiş ərazilərin ümumi sahəsi 577.4 hektar təşkil edir.
Hazırda komandada 19 xanım minaaxtaran və 2 paramedik fəaliyyət göstərir. Bu qadınlar sayəsində minlərlə insanın həyatı xilas edilib.
Qeyd edək ki, bu yazı “Belə-belə işləri” youtube kanalındakı video-materialı əsasında hazırlanıb.
Tahirə AĞAMİRZƏ