29.06.2025, 04:08
AZ EN
15.05.2025, 09:45 241

Bu gün şəhid Rövşən Təhməzovun doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Rövşən Zahid oğlu Təhməzovun doğum günüdür. O, 15 may 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəbi doğma şəhərdə bitirib.

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov şəhid olduqdan sonra könüllü olaraq ordu sıralarına yazılan yüzlərlə vətənpərvər gənclərimizdən biri də Rövşən olub.

Rövşən Təhməzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. O, bir sıra yaşayış məntəqələrimizin azad olunması uğrunda mərdliklə vuruşub.

Rövşən Təhməzov oktyabrın 5-də torpaqlarımızın azadlığı uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla Sumqayıt şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rövşən Təhməzov ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidimizin atası Zahid Təhməzov deyir ki, özü birinci Qarabağ müharibəsi döyüşlərində iştirak edib və Laçın, Ağdərə istiqamətində yaralanıb. Qardaşı Rövşən Təhməzov da həmin döyüşlərin iştirakçısı olub və Ağdərədə gedən şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olub.
Veteran döyüşçü övladlarını kiçik yaşlarından vətənpərvər ruhda böyütdüyünü bildirir. Deyir ki, həmişə uşaqlarıma deyirdim ki, torpaqlarımız işğal olunub, ata-baba yurdumuz əlimizdən alınıb. Onları mütləq düşməndən azad etmək lazımdır. Bir gün oğlum Rövşən mənə zəng edib dedi ki, ata, yarımçıq qalan işlərinizi tamamlayırıq və yurdumuzu azad edirik. Bu sözlər məni çox qürurlandırdı və fəxr elədim...
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD

Oxşar xəbərlər