Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Emin Səid oğlu Rüstəmovun doğum günüdür. O, 2 may 1992-ci ildə Yevlax rayonunda sadə bir ailədə doğulmuşdu. 1999-cu ildə 5 saylı tam orta məktəbin 1-ci sinfinə gedib və 9 illik təhsil alıb. 2009-cu ildə hərbi xidmətə yollanıb. 2011-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Yevlax şəhərində məskunlaşan Ağdam musiqi məktəbinin tar sinfinə də gedib. Ancaq atasının xəstə olmağı və ailənin çətin vəziyyəti ilə bağlı o ağır işlərdə çalışmağa məcbur olub. Hər çətinliyə mərdliklə qatlaşan Emin 2019-cu ilin iyun ayından «N» saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Emin Rüstəmov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. O, Suqovuşan istiqamətində döyüşlərə qatılıb və atıcı kimi mərdliklə vuruşub. Elə bu qanlı döyüşlərin birində qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz oktyabrın 2-də doğma Yevlax şəhərində böyük izdiham və ehtiramla Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və «Suqovuşanın azad olunması uğrunda» medalları ilə təltif olunub.
Şəhidimiz ailəli idi, onun iki övladı Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD