Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, gizir Məhəmmədəli Bayram oğlu Ələkbərovun doğum günüdür. O, 1990-cı il oktyabrın 15-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Siracəddin Məmmədov adına tam orta məktəbdə təhsil alıb. 2008-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Məhəmmədəlinin ilk xidmət yeri olan Lənkəran sərhəd dəstəsinin 4-cü sərhəd bölməsində çalışqanlığı, xidmətə münasibəti ilə seçilib.
2015-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində təlim çevik hərəkəti taborunda müxtəlif vəzifələrdə xidmət edən Məhəmmədəli hər zaman inadla öz üzərində işləyib, intizamı ilə seçilib. 19 fevral 2019-cu ildən xidmət yerini Çevik Hərəkat Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə dəyişdirilən Məhəmmədəli cəlb olunduğu təlimlərdə bilik və bacarığını təkmilləşdirib. Fiziki cəhətdən sağlam və güclü olan Məhəmmədəli ona verilən ən çətin döyüş tapşırıqlarının öhdəsindən məharətlə gəlirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Məhəmmədəli Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşaraq şücaətlər göstərib. Məhəmmədəli Ələkbərov oktyabrın 21-də Zəngilan döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz Ağstafa rayonunun doğma Poylu qəsəbəsində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Məhəmmədəli Ələkbərov ölümündən sonra "Vətən uğrunda","Zəngilanın azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Şəhidimiz ailəli idi, onun iki qız övladı Vətənə yadigar qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD