Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Aşurəli Səfərəli oğlu Zərbəliyevin doğum günüdür. O, 1999-cu il sentyabrın 9-da Qusar rayonunun Quxuroba kəndində anadan olub. 2014-cü ildə kənd məktəbinin 9-cu sinfini bitirib. Aşurəli xasiyyətcə sakit, mülayim, qayğıkeş bir oğlan idi. 2017-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Aşurəli Goranboy rayonunda hərbi xidmətini başa vurub 2019-cu ildə doğma kəndlərinə qayıdıb.
Azərbaycan Ordusunun əsgəri olan Aşurəli Zərbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində mərdliklə savaşıb. Aşurəli Zərbəliyev oktyabrın 10-da Füzuli uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Qusar rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Aşurəli Zərbəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Aşurəli balamız!
Mina RƏŞİD