Tədbir Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin tərəfdaşlığı, həmçinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub.
Tədbirdə Qərbi Azərbaycan irsinin təbliğinin əhəmiyyəti, milli-mədəni dəyərlərin qorunması və bu prosesə gənclərin fəal cəlb olunmasının vacibliyi vurğulanıb.
Çıxış edən “İrəli” İctimai Birliyinin baş katibi Riyad Cəbrayılov, Əməkdar incəsənət xadimi, rejissor Ayaz Salayev, Azərbaycan Dövlət Rəsm Qalereyasının rəssamı Elçin Hüseynov, Azərbaycan Vikipediyasının nümayəndəsi Elçin Əliyev və Sabunçu rayon Gənclər Evinin direktoru Kamil Yaqubov Qərbi Azərbaycan irsinin kinematoqrafiya və təsviri incəsənətdə əks etdirilməsinin əhəmiyyəti, etibarlı məlumatların yayılmasında rəqəmsal platformaların rolu, eləcə də gənclər evlərinin bu istiqamətdə fəaliyyəti barədə məlumat veriblər.
Qeyd olunub ki, bu mövzunun gənc nəslə çatdırılması mütəmadi xarakter daşımalıdır. Milli yaddaşın qorunması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
Tədbirin davamında bədii hissə təşkil olunub, gənc ifaçılar öz bacarıqlarını nümayiş etdiriblər. (AZƏRTAC)