Bəhruzun uşaqlıqdan idmana böyük həvəsi olub. Cəldliyi, özünəməxsus döyüş texnikası, rəqiblərinin atacağı addımı duymaq bacarığı onun mükəmməl idmançı kimi yetişməsində önəmli rol oynayıb. B.Əhmədov qaydasız döyüş növü üzrə müxtəlif yarışlarda iştitak edərək birincilik əldə edib. Belə ki, o müxtəlif çəki dərəcələri üzrə Respublika Çempionatı və Birinciliyində iştirak edərək uğurlar qazanıb. Tanınmış idmançı bir müəllim kimi gənclərə də bu qədim döyüş növünün sirlərini həvəslə öyrədirdi. Bəhruz müəllimliklə yanaşı, öz üzərində də ciddi çalışmağa davam edib. 2019- cu ildə Bakıda keçirilən qaydasız döyüş növü üzrə Respublika birinciliyində birinci yeri tutaraq “Qara kəmər ustası” adına layiq görülüb.
Bəhruz Əhmədov 2020-ci il sentyabrın 27- də başlanan Vətən müharibəsində iştirak etmək üçün sentyabrın 28-də Sabirabad rayon Hərbi Komissarlığına gələrək könüllü olaraq ordu sıralarına yazılıb.
O, Zəngilan, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. İgid döyüşçü oktyabrın 20-də Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanaraq qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Şəhidimiz doğulduğu Balakənd kəndində böyük izdihamla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Bəhruz Əhmədov ölümündən sonra ”Vətən uğrunda”, “Cəsur döyüşçü”, ”Cəbrayılın azad olunmasına görə” və ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD