Bu barədə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri memarlıq doktoru, dosent Rahibə Əliyeva məlumat verib. O qeyd edib ki, ermənilər işğal dövründə ərazilərimizin erməniləşdirilməsində xaç daşlarının yayılmasını daha məqsədəmüvafiq hesab ediblər. Klassik erməni xaç daşları özünün bədii üslubuna və xarakterinə görə heç bir məna kəsb etmir. Xaç obrazı, alban xaç daşlarında sanki müxtəlif, biri-birinə aidiyyəti olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı bəlkə də dünyada yeganə xaçdır ki, xristianlığa qədər mövcud olmuş etiqadların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunub.
“Erməni mətbuatının verdiyi məlumata görə, işğal dövründə Azərbaycan ərazilərində təkcə erməni xaç daşlarının sayı təqribən 2000-dən çox olub. Halbuki 1992-ci ilə qədər Qarabağ ərazisində erməni bədii daş yazı nümunəsi və bir dənə də olsun erməni xaç daşına rast gəlinməyib. Bu isə həmin nümunələrin bu ərazilərə sonradan yerləşdirilməsi qənaətinə gəlməyə imkan verir. Eyni şəkildə ermənilər Azərbaycanın qədim kilsə abidələrini də mənimsəməyə çalışıblar. Onlar həmin kilsələrdə albanlara xas olan yazı və memarlıq naxışlarını silərək yerində erməni yazı və detallarını həkk ediblər. Həmçinin alban kilsələrindəki əlyazmalar erməni dilinə tərcümə edilib, orijinallar isə yandırılıb, kilsə və monastırların interyerindəki yazılar və bədii daş nümunələri dəyişdirilib. Bütün bu saxtakarlıqlara baxmayaraq, Qafqaz Albaniyası dövrü abidələrinin əksəriyyəti Azərbaycanın bir çox ərazilərində öz ilkin formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatıb.
Ümumiyyətlə, ermənilər məskunlaşdıqları ərazilərdə tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etməyiblər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı”, - deyə alim bildirib.
R.Əliyeva vurğulayıb ki, ermənilər Qarabağın tarixini məqsədli şəkildə saxtalaşdırmağa, mədəniyyətini mənimsəməyə çalışsalar da buna nail ola bilmədilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, şanlı Azərbaycan Ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi, torpaqlarımız da, maddi mədəniyyət abidələrimiz də öz sahibinə qayıtdı. Qarabağ bölgəsindəki abidələr dövlətimiz tərəfindən mərhələlərlə bərpa olunaraq haqq-ədalətlə bütün dünyaya təqdim ediləcək. (AZƏRTAC)