Qırmızı qəsəbədəki sinaqoqlarla tanışlıq zamanı qonaqların diqqətinə buradakı yəhudilərin uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşadıqları çatdırılıb. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması, muzeyi və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı Qış Məktəbi iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Günün sonunda təşkil olunan Qala gecəsində isə qış məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib.
Martın 16-da qış məktəbinin iştirakçılarının Bakıda Azərbaycan Respublikası Dövlət Dil Komissiyası Yanında Manitorinq Mərkəzində görüşü nəzərdə tutulub.
Qış Məktəbində Türkiyə, Braziliya, Rumıniya, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Bolqarıstan, Yaponiya, Əfqanıstan, Çin, Özbəkistan, Qazaxıstan və Azərbaycandan 20-dən çox tələbə iştirak edir.
Yay və qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və respublikamızın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə nəzəri biliklərinin inkişafına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır. (AZERTAC)