03.05.2025, 01:12
AZ EN
02.05.2025, 12:45 227

Şərqi Zəngəzurda heyvan mənşəli xəstəliklərdən azad zonanın yaradılması istiqamətində işlər görülür

ŞƏRQİ ZƏNGƏZUR
  • Şərqi Zəngəzurda dabaq xəstəliyi də daxil olmaqla, heyvan mənşəli xəstəliklərdən azad zonanın yaradılması istiqamətində işlər görülür.

Bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Bakıda IV Aqrobiznesin İnkişafı Forumunun "Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış" mövzusunda keçirilən yüksəksəviyyəli panelində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın quşçuluq məhsullarının ərəb ölkələrinə, yaxın vaxtlarda da ABŞ-a ixracı ilə əlaqədar müəyyən işlər görülməkdədir: “Heyvan mənşəli məhsulların ixracı ilə əlaqədar çox vacib amil var. Azərbaycanın heyvan mənşəli məhsullarının dünya bazarına çıxışı üçün vacib şərtlətdən biri xəstəliklərdən azad statusun və xəstəliklərdən azad zonaların yaradılmasıdır. Bununla bağlı müəyyən nailiyyətlər əldə etmişik. Xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad statusu, quş qripindən azad ölkə statusu təsdiq olunub. Digər başqa xəstəliklərdən də belə statusumuz var”.

Onun sözlərinə görə, Şərqi Zəngəzurda xəstəliklərdən azad zonanın yaradılması uzunmüddətli prosesdir. “FAO-nun nümayəndələri dəvət olunub, ekspertlər ayrılıb, ərazi müəyyənləşib, hesabatlar hazırlanıb. Yazda və payızda hesabatlarımızı tətbiq etmişik. Əgər azad zona statusuna nail ola bilsək, Azərbaycanın heyvan mənşəli məhsullarının ixracında hər hansı bir maneə qalmayacaq", - deyə o əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər