Kitabın müəllifi Faiq İsmayılov nəşrlə bağlı məlumat verib. Bildirilib ki, layihə çərçivəsində Qərbi Zəngəzurun Gorus rayonunda 55, Mehri rayonunda 40, Qafan rayonunda 57 və Qarakilsə rayonunda 43, ümumilikdə 195 tarix və mədəniyyət abidəsi aşkar edilib. Həmin abidələr üzrə ümumilikdə 1029 fotoşəkil və məlumatlar əldə olunub.
Qeyd edilib ki, Qərbi Zəngəzur əraziləri oğuz-türk abidələrinin çoxluğu ilə diqqət çəkir. Tarixin yaratdığı maddi sübutlar bu ərazilərin bir zamanlar oğuz-türk yurdu olması gümanını da təsdiqləyir. Bu abidələr Qafan, Mehri, Qarakilsə və Gorus rayonları ərazilərində kifayət qədər çoxdur. Qədim qəbiristanlıqlar, məqbərələr, məscidlər, qalalar, daş fiqurlar, süjet xarakterli oymaların bir çoxu zaman-zaman ermənilər tərəfindən dağıdılsa da, onların bir çoxu yaşayaraq dövrümüzə qədər gəlib çıxıb.
Vurğulanıb ki, tarixdə daha çox Qafqaz Albaniyası kimi tanınan, 1000 illik tarixi olan bir dövlətin mədəniyyətinin və tarixinin inkar edilməsi, əlbəttə, erməni saxtakarlığından başqa bir şey deyildir. Erməni saxtakarlığı bu ərazilərdə daha çox memarlıq abidələrində özünü büruzə verir. Ermənilər unikal alban dövrü tikililərinin üzərindən bir çox bədii ornamental görüntüləri, yazı və simvolları silir, abidələrin daxili və xarici interyerində dəyişiklik edərək tanınmaz hala salırlar. Təəssüf hissi ilə demək olar ki, Qərbi Zəngəzur ərazilərində 200 tarixi əhəmiyyətli türk kənd və şəhərləri dağıdılıb.
Bildirilib ki, bir əsrdən çoxdur ki Qərbi Zəngəzurda ermənilər Azərbaycanın mədəni irs nümunələrinin məhv edilməsini həyata keçirirlər. Vorotan (Bazarçay, Bərguşadçay) dərəsindəki Köhnə Xot, Köhnə Şinuayr, Köhnə Əlidərə kəndlərinin xarabalıqları ilə qarşılaşırsan. Bu kəndlərdə ermənilər tərəfindən 800-dən çox tarix və mədəniyyət abidələri, yaşayış evləri məscidləri, Alban dövrü bazilika və sovmələr, bədii daş nümunələri, qəbirüstü abidələr, qəbir daşları, at qoç fiqurları dağıdılaraq yararsız hala salınıb. Azərbaycanın mədəni-irs nümunələrindən təmizlənən bu ərazidə, yalnız Bazarçay dərəsinin sol yamacında Alban memarlığının yadigarı Tatev monastırı öz əzəmətini qoruyub saxlaya bilib.
Diqqətə çatdırılıb ki, Tat-evi (Tatev) kəndinin yaxınlığındakı Oxçuçayın sahilində böyük bazalt qayanın üzərində inşa olunmuş Alban monastırıdır. Kompleksin IX əsrdə tikildiyi güman edilsə də, abidənin tədqiqi onun daha qədim dövrlərdə tikildiyi ehtimalını yaradır. Belə ki abidənin tikinti quruluşu Xocavənd rayonundakı Amaras monastırının tikinti quruluşu ilə eynilik təşkil edir. Bəlkə də bu abidələr eyni ildə olmasa da, eyni əsrdə tikilib. Tatev monastırının daxilində “Qavazan” adlandırılan sütunun üzərindəki ornamental görüntülər də onun IX-XI əsrlərə deyil, IV-VI əsrlərə aid olduğu ehtimalını yaradır.
Məbədin adının türk dilində ad “tat” və “ev” sözlərindən ibarətdir. Tat sözü Azərbaycanda qədim dövrlərdən həyat keçirən türklərə aid edilməklə yanaşı, “tat ev” ifadəsi “tatların yaşadığı yer”, “Böyük ev” anlamında işlədilir.
Sonra kitab ətrafında fikir mübadiləsi aparılıb. (AZƏRTAC)