27.06.2025, 21:02
AZ EN
27.06.2025, 16:18 109

Deputat: Ermənistanda baş verənlərə göz yumulması Qərbin ikili standartlarının təzahürüdür

XƏBƏRLƏR
  • Ermənistanda bu gün baş verənlərə göz yumulması Qərbin ikili standartlarının növbəti təzahürüdür.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Ermənistanda seçki öncəsi vəziyyət mürəkkəbləşir

Deputat deyib ki, seçki öncəsi Ermənistanda vəziyyət getdikcə mürəkkəb, eyni zamanda çirkin bir hal alır: “Daxili rəqiblər hakimiyyət uğrunda nə qədər mübarizə aparırlarsa, xarici aktorların da bu prosesdə bir o qədər, hətta daha artıq marağı var. Çünki bundan sonrakı istənilən ssenaridə Cənubi Qafqaza müdaxilə baxımından Ermənistanda hakimiyyətə gələn istənilən fiqur önəm kəsb edəcək. Nikol Paşinyanın dövlət çevrilişi cəhdini elan etməsindən, bu elana istinad verilən məqalədə aktorların və təsisatların adını çəkməsindən sonra həbslər başladı. İyunun 18-nə keçən gecə rusiyalı iş adamı, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan İrəvanda Ermənistan Apostol Kilsəsinə dəstək verdiyini bildirdikdən sonra bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Nikol Paşinyandan təhdidlərin gəldiyinin də şahidi olduq. Karapetyan boynuna almasa da, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Birinci instansiya məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs edilmiş Samvel Karapetyanın özü isə son məqaləsində bildirir ki, hazırkı hakimiyyət kiçik Ermənistanı geosiyasi mübarizənin mərkəzinə çevirib. Karapetyanın məqaləsində diqqəti çəkən məqam odur ki, bu dövlətin, cəmiyyətin düşmən siması, xisləti dəyişmir. Karapetyan məqaləsində Ermənistanın düşmən dövlətlərin əhatəsində olduğunu iddia edir”.

Qərbin insan hüquqları məsələsində susqunluğu

Azər Badamov qeyd edib ki, Ermənistan çürük ideologiyasının qurbanı olaraq özü düşmən obrazı yaratmağa, günah keçisi formalaşdırmağa çox öyrəşib: “Karapetyan hakimiyyəti Ermənistanın Avropa İttifaqında gözlənilmədiyini dərk etmədən bu tərəfə doğru hərəkətə başlamaqda, yetkin olmayan siyasi qərarla Rusiyadan çox tez qurtulmağa çalışılmaqda, ölkənin vilayətləşdirilməsi ssenarisini mümkün variant kimi görməkdə ittiham edir. Bütün bunlar şübhəsiz ki, Ermənistanın daxili işləridir. Biz isə Ermənistanda belə qarşılıqlı ittihamların, həbslərin, söz və ifadə azadlığının məhdudlaşdırılmasının çox şahidi olmuşuq. Təəssüflər olsun ki, şahidi ola bilmədiyimiz amil Qərblə, onun təsisatları ilə bağlıdır. Sözügedən tərəf adətən belə hallarda başqa dövlətlərdə baş verən hadisələrə verdiyi adekvat reaksiyanı Ermənistana münasibətdə ortaya qoymur. İstər Karapetyanın və ayrı-ayrı şəxslərin həbsi, istərsə də Eçmiədzinlə bağlı məqamlar Ermənistanda açıq-aşkar, kobud şəkildə insan hüquqlarının pozulması hallarıdır və Qərb bununla bağlı hələ də susur. Belə hadisə Azərbaycanda və yaxud da istənilən kiçik ölkədə olsaydı, Qərb təsisatlarının, onun hüquq-müdafiə təşkilatlarının, Avropa Şurasının, ATƏT və digər qurumların palaz-palaz açıqlamalarının, reaksiyalarının şahidi olardıq, digər aktorlar qarşısında tələblərini, hədyan fikirlərini görərdik. Bu gün Ermənistandakı rəzalət duruma göz yumulmasına Qərbin növbəti ikili standartlarından başqa bir ad vermək olmaz. Ən düzgün addım məhz odur ki, Qərbin bu ikili standartlarına, selektiv siyasətinə, ritorikasına adekvat cavab verməliyik.

Azərbaycanın adekvat mövqeyi

Azərbaycanın belə adekvat münasibətinin davamlı ortaya qoyulması tam əsaslı yanaşmadır. Qərb unutmamalıdır ki, vicdanlı və etibarlı tərəfdaş statusu Azərbaycandadır. Azərbaycan da bu statusu heç kimin güzəştinin nəticəsində deyil, yürütdüyü siyasətlə, göstərdiyi yanaşma ilə qazanıb”.(APA)

Oxşar xəbərlər