O, 1997-ci il avqustun 10-da Bakıda Bülbülə qəsəbəsində anadan olub. İbtidai sinfi Qubadlı məktəbində bitirən Cavid 316 saylı orta məktəbdə 11-ci sinfi başa vurub. Cavid orta məktəb illərində müsiqi məktəbinin tar sinifinə də gedirdi. İdmanla da məşğul olurdu. Hərbi xidmət illərində Aprel döyüşlərində də mərdliklə iştirak etmişdi. 2017-ci ildə hərbi xidməti bitirdi.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Cavidin ayağı sındığı üçün gipsdə idi. Həkim demişdi ki, ayağı bir ay gipsdə qalmalıdır. Ancaq o iki həftədən sonra gipsi açdırdı. Sentyabrın 29-da qisas, həyəcan və sevincindən Cavid gecə səhərə qədər yata bimədi və sübh tezdən cəbhəyə yollandı. Atası təkid eləsə də, o artıq ayağının acısını unutmşdu. Onun ən böyük arzusu düşmənlə savaşmaq və torpaqlarımızı azad etmək üçün əlindən gələni etmək idi...
Cavid Cabbarzadə snayperçi kimi Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. 2020-ci il oktyabrın 24-də Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucaldı. Şəhidimiz İkinci Fəxri Xiyabanda böyük bir izdihamla dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamları ilə Cavid Cabarzadə ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Anası deyir ki, müharibədən zəng edəndə həmişə deyirdi ki, bomba kimiyəm… Cavidin döyüş dostları da bu gün onu xoş xatirələrlə xatırlayırlar. Deyirlər ki, o çox cəsarətli, mərd bir döyüşçü idi. Həmçinin çox pozitiv, mehriban bir insan, son tikəsini dostları ilə paylaşan biri idi…
Vətən sənin kimi igid oğullarını heç vaxt untmayacaq. Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD