Bunu Meşəli kənd sakini Kazım Rəhimov söyləyib.
Vaqif Xaçaturyanı şəxsən tanımadığını diqqətə çatdıran K.Rəhimov əlavə edib: “Deyirlər ki, o, İlyanın qardaşıdır. İlyanı tanıyırdım, avtobus sürürdü. Bu baş verən hadisələrdən əvvəl o avtobusdan biz də istifadə edirdik. Amma Vaqif Xaçaturyanı şəxsi olaraq tanımıram. Təxminən məndən bir az balaca olardı”.
Kazım Rəhimov vurğulayıb ki, ermənilərin törətdikləri soyqırımı 1991-ci ildə Meşəlidən başlayıb. Ondan sonra 1992-ci ilin fevralında Xocalı hadisəsi olub. Onlar hazırlanmış qrup şəklində olublar.
“Meşəli 60 ailəlik bir kənd idi. Buna baxmayaraq, elə mühasirəyə almışdılar ki, oradan heç kimə qaçmağa, çıxmağa imkan vermirdilər. Bu, bir növ Xocalı hadisəsinin başlanğıcı idi. Laçına tərəf çıxış olmasaydı, Meşəli camaatının bəlkə də yarısı qətlə yetirilərdi. Bir balaca yer vardı, çaydan keçirdi, o da yol deyildi, yolların hamısını kəsmişdilər”, - deyə Meşəli kənd sakini deyib.
O vurğulayıb ki, tək Xaçaturyan deyil, bu hadisəni törədənlərin hamısı Beynəlxalq Ədalət Məhkəməsinə getsələr çox yaxşı olar. Heç olmasa bir təskinlikdir ki, bu qətliamı törədənlərin biri tapılıb. (AZƏRTAC)