Vətən müharibəsi şəhidi əsgər Elmir Arzu oğlu Məmmədov 1999-cu il iyun ayının 3-də Salyan rayonunun Xocalı kəndində, sadə ailədə anadan olub. Ailədə Elmirdən başda daha bir oğul övladı var. Elmir Məmmədov yaşadıqları Xocalı kəndindəki 4 illik məktəbi bitirdikdən sonra orta təhsilini Salyan şəhərindəki Aşıq Pənah adına 1 saylı tam orta məktəbdə davam etdirib. 2016-cı ildə məktəbi bitirən Elmir elə həmin il Dövlət Neft və Sənaye Universitetinin elektrik mühəndisliyi ixtisasına qəbul olunub. Əyani təhsil alsa da ailəsinin maddi vəziyyəti çətin olduğu üçün imkan tapdıqca işləməyə çalışıb. Atası Arzu kişi deyir ki, Elmir kəndə gələn kimi təsərrüfat işlərində ona həvəslə kömək edərdi. “Çox zəhmətkeş idi mənim balam”- şəhidin atası kədərli olsa da qürurla deyir.
Elmir Məmmədov qəbul olunduğu ali məktəbi 2020-ci ildə bitirərək hərbi xidmətə yollanıb. Hərbi xidmətini əvvəlcə Gəncədə, sonra Qazax rayonunun Dəmirçilər kəndində keçirən əsgər hərbi təlimlərdə yüksək hazırlıq nümayiş etdirib. Sonuncu dəfə sentyabr ayının 20-də evə zəng vuraraq bildirib ki, ondan nigaran qalmasınlar, Daşkəsənə yola düşürlər.
“Elmirlə nə vaxt danışırdımsa deyirdi hərbi təlim keçirik. Heç yadımdan çıxmır. Sonuncu ad günündə ona həddən çox təbrik mesajları gəlmişdi. Mən bunu görəndə baxıb qürurla gülümsədi. Uşaqla uşaq, böyüklə böyük idi mənim balam. Hamı onu çox istəyirdi. Övladlarımızı min əziyyətlə böyütmüşdük. Kənddə orta məktəb olmadığından rayon mərkəzindəki məktəbdə oxuyurdu, bəzən qışın soyuğunda, yağışda, qarda yük maşınlarının kuzovunda dərsə gedərdi. Amma dərslərini yaxşı oxuyub ali məktəbə qəbul olundu. Əsgər gedəndə tapşırmışdı ki, ağlamayım. Amma Səfərbərlik Xidmətinin həyətində, Elmir avtobusa minib yola düşəndə ağlamaq tutdu məni...”
Anası deyir ki, Elmir Vətən müharibəsi başlayanda Azərbaycan ordusunun Murovdağ silsiləsindəki mövqelərindən birində artilleriya mövqeyində olub. Şiddətli döyüşlər, qarşılıqlı artilleriya zərbələri başlayıb, aramsız döyüşlərin gedişində düşmənin atdığı mərmilərdən biri döyüş mövqeyində partlayıb. Qəlpələrdən biri Elmirin alnına dəyib və müharibənin ilk günündə qəhrəmancasına şəhid olub.
Elmirin yazdığı məktub isə ailəsinə gec yetişib. Belə ki, məktubu Elmirin üzərindən götürən döyüş yoldaşı sonradan özü də ağır yaralanaraq hospitala yerləşdiyindən onu ailəsinə gec çatdırıb...
Növbəti məktub isə Qazaxda yazılıb: “14 avqust. Qazaxın Dəmirçilər kəndinə gəldik. Görünüşü çox qəşəngdir. Düşdüyüm mühit də mehriban mühitdi. Çalışacam ki, burada bütün texnikanın sirlərini tam öyrənim. Döyüşə hazırlıqlı olum. Həmişə çalşmışam və çalışacam ki, nizam-intizamlı əsgər olum. Hələ orduya getməmişdən neçə illər qabaq düşünürdüm ki, şəhid olacam. İnşallah qismət olar. Amma Allahın yazdığı əcəldir. Bilmək olmaz. Amma şəhid olsam bilmirəm ki, ata-anam bu yükü qaldıra biləcək, ya yox. Ölümdən heç vaxt qorxmamışam, sadəcə ailəm gözlərim qarşısına gəlir. Şəhid olsam Allahdan istəyim o olacaq ki, mənə imkan versin, sevdiklərimi kənardan izləyə bilim. Əsas da anamım ürəyinə sərinlik gətirməkdən ötrü. Məncə şəhid olsam anam bu yükü qaldırmağa tab gətirər. Çünki Allah heç kəsə qaldıra bilmədiyini yükləməz. Hər gecə yatanda şəhidlik xəyalı qururam. Yer üzündə olan bütün insanlar üçün və ailəm üçün dua edirəm. Əgər şəhid olmayıb sağ qalsam dua edirəm ki, xeyriyyə fondu yarada bilim... Körpələrə, imkansız adamlara bacardığım yardımı edim. İnşallah iki istəyimdən biri qismət olar. Allah bilən məsləhətdi. Bu cümlələri şəhid olsam hamı, sağ qalsam bəzi adamlar oxuyacaq. Bu vərəqi həmişə ürəyimin üstündə gəzdirəcəyəm...”
İndi Şəhid atasının ən böyük arzusu kənddə bir zamanlar övladının əlaçı şagird kimi təhsil aldığı 4 illik adsız ibtidai məktəbə Elmirin adının verilməsidir.
Şəhidin anasının da arzusu var. Deyir ki, kiçik oğlu Xanların gələcəkdə övladına Elmirin adını qoymaq arzusu ilə yaşayır.
Elmir Arzu oğlu Məmmədov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azadlığı uğrunda” medalları ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Elmir balamız!
Mina RƏŞİD