27.06.2025, 12:37
AZ EN
17.05.2023, 08:25 289

Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

XƏBƏRLƏR
  • Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara əsasən mayın 17-si Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il mayın 17-nə təsadüf etməsi ilə bağlıdır. “World Telecommunication & Information Society Day” (“WTISD 2021”) - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir.

Qlobal informasiya cəmiyyətinin iştirakçısına çevrilmiş ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi və digər sahəvi proqramlar çərçivəsində informasiya cəmiyyətinin inkişafı üzrə bir çox işlər görülür. Bu sənədlərə uyğun olaraq, ölkədə İKT infrastrukturu və xidmətlərinin genişləndirilməsi, yüksək texnologiyalar sektorunun inkişafı, sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Eyni zamanda, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, İKT sahəsində bilik və bacarıqların yüksəldilməsi, milli kontentin inkişaf etdirilməsi, cəmiyyətin bütün üzvlərinin İKT-nin yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması da görülən tədbirlər sırasında yer alır.

Görülmüş işlər nəticəsində ölkədə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib. Ölkədə internetə çıxış üçün simli, simsiz, mobil texnologiyalar tətbiq edilir. Ölkə ərazisini əhatə edən yüksəksürətli optik şəbəkəyə əsaslanan genişzolaqlı internet infrastrukturunun qurulması üçün “Evlərə optika” layihəsi” həyata keçirilir. “İctimai Wi-Fi” layihəsi çərçivəsində Bakı şəhərinin ictimai yerlərində internet xidmətinə ödənişsiz çıxış təmin edilib. Provayderlər və mobil operatorlar təhlükəsiz internet xidməti verirlər.

Əhalinin, o cümlədən məhdud fiziki imkanlı şəxslərin İKT həlləri üzrə bilik və bacarıqlarının artırılması, İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi, gənclərin İKT biliklərinə yiyələnməsinin stimullaşdırılması üçün təlimlər, kurslar, müxtəlif konfranslar, forumlar, seminarlar, dəyirmi masalar, sərgilər, müsabiqə, viktorina, olimpiada tədbirləri keçirilir, kütləvi informasiya vasitələri (KİV) vasitəsilə təbliğat-təşviqat işləri aparılır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər