Ermənistanın torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlaması bölgənin, xüsusilə Azərbaycanın təhlükəsizliyinə, iqtisadiyyatın inkişafına çox böyük maneə olub. İşğal amili o cümlədən Azərbaycanın əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su qıtlığına, ətraf mühitin xeyli çirklənməsinə səbəb olub. Habelə vaxtilə işğal altında olan ərazilərimizdə təbii resurslardan vəhşicəsinə istifadə edilməsi, transsərhəd çaylarının qəsdən çirkləndirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurulub. Həmçinin yüz minlərlə əhali içməli sudan məhrum edilib. Həmin ərazilərdə su mənbələrinin qəsdən məhv edilməsi münbit torpaqların eroziyasına, susuzlaşmasına və səhralaşmasına gətirib çıxarıb.
"Vətən səsi" xatırladır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon kubmetr olan 8 su anbarı 30 ilə yaxın müddətdə işğal altında qalıb. Məhz bunun nəticəsidir ki, son illər ölkədə su ehtiyatlarının azalması, quraqlığın ildən-ilə artması ərzaq təhlükəsizliyi məsələlərini ön sıraya çıxarır.
İşğaldan azad olunan ərazilərin zəngin su ehtiyatı problemin həlli üçün yeni imkanlar açıb. Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yeni qurulan və ya əsaslı şəkildə bərpa olunaraq yararlı hala gətirilən su anbarı və sutatrların sayı 2026-cı ilin sonunadək 14-ə çatdırılacaq. Bunların arasında Bərgüşad, Həkəri, Zabux çayları üzərində qurulan su anbarları, habelə Laçın, Kəlbəcər və Ağdam rayonlarında su təsərrüfatı kompleksləri də var.
İşğaldan azad olunmuş ərazilərdə meliorasiya və su təsərrüfatı ilə bağlı investisiya layihələrinin bir qisminin icrası artıq başa çatıb. Məsələn, Suqovuşan və Xaçınçay su anbarlarının magistral kanallarla birlikdə təmiri və bərpası demək olar ki, yekunlaşıb. Yaxın vaxtlarda isə Füzuli rayonu ərazisindəki Köndələnçay su anbarının rəsmi açılış mərasiminin keçiriləcəyi gözlənilir.
Bundan başqa, ümumi həcmi 565 mmilyon kubmetr, faydalı həcmi 500 milyon kubmetr olan Sərsəng su anbarında da kompleks tədbirlər aparılır ki, bu da Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatına imkan verəcək.
Eyni zamanda, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Laçın rayonu ərazisindən Zabuxçay üzərində qurulan su anbarının da inşası bu il tam şəkildə başa çatdırılacaq. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə Dövlət Proqramı çərçivəsində 2026-cı ilin sonunadək icrası başa çatdırılması nəzərdə tutulan meliorasiya tədbirləri üzrə layihələr aşağıdakılardır:
№ |
Layihənin adı |
İcra müddəti |
1. |
Suqovuşan su anbarının 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası |
2022‒2023 |
2. |
Tərtərçay Sol Sahil kanalının yenidən qurulması |
2022‒2023 |
3. |
Xaçınçay su anbarının 7 km uzunluğunda kanalla birlikdə təmiri və bərpası |
2022‒2023 |
4. |
Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su anbarlarının təmiri və bərpası |
2022‒2023 |
5. |
Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi |
2022‒2026 |
6. |
Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
7. |
Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
8. |
Cəbrayıl rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
9. |
Bərgüşadçay su anbarının tikintisi |
2022‒2026 |
10. |
Həkəriçay su anbarının tikintisi |
2022‒2026 |
11. |
Zabuxçay su anbarının tikintisi |
2022‒2026 |
12. |
Zəngilan rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
13. |
Qubadlı rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
14. |
Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı |
2022‒2026 |
Elxan SALAHOV