Hər zaman olduğu kimi, aksiya iştirakçıları bu səhəri də Dövlət Himninin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.
Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları bu dəqiqələrdə qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının dinamik və coşqulu görünmələri onların məqsədlərinin aydın olduğunu göstərir.
Onlar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirir ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 71 avtomobil maneəsiz hərəkət edib.