19.03.2026, 21:29
AZ EN
19.03.2026, 17:53 80

Prezidentin Novruz tonqalını Qarabağda alovlandırması bu məkandan dünyaya həmrəylik çağırışıdır

YAZILAR
  • Artıq altı ildir ki, Novruz tonqalları azad Qarabağımızda və Şərqi Zəngəzurumuzda alovlandırılır. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2020-ci il noyabrın 16-da Füzuli və Cəbrayıla səfərləri ilə başlanan bərpa-quruculuq işlərinin miqyası bu gün sakinlərinə qovuşan ünvanların sayında, həmçinin Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün nəzərdə tutulan hədəflərə yüksək səviyyədə nail olunmasında özünün aydın ifadəsini tapır. Təkcə cari ilin ötən dövründə keçmiş məcburi köçkünlərin bu torpaqlara mərhələ-mərhələ qayıdışı ilə bərabər, yeni ünvanlar - Xankəndi və Xocavənd şəhərləri də sakinlərinə qovuşdu. Ümumilikdə, bu gün 9 şəhər, onlarla kənd bu sevinci yaşayır. Son altı ildə dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz tonqalını azad edilmiş ərazilərimizdə alovlandırırlar. Bu il Novruz tonqalının ünvanı Xocavənd rayonunun Xanoba kəndi oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular, bu kəndə qayıdan sakinlərlə görüşdülər və onlarla birlikdə Novruz tonqalını alovlandırdılar.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev doğma yurd-yuvalarına qayıdan sakinlərlə görüşündə hər zaman 30 illik işğal, 44 günlük İkinci Qarabağ, bir günlük antiterror tədbirlərinin həyata keçirildiyi, həmçinin postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edir, diqqəti azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa-quruculuq işlərinə yönəldir. Hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı cari ilin sonunadək 140 min soydaşımızın bu torpaqlara qayıdışını təmin etməkdir. Bu günün statistikası hədəfə yüksək səviyyədə nail olacağımıza əsas verir. Ölkəmizin iqtisadi və maliyyə imkanları, həmçinin torpaqlarımıza tezliklə qayıdış sevincimiz bərpa-quruculuq işlərinin sürətini daha da artırır. Ümumilikdə azad edilən ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafın təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməsi hazırkı dövrün əsas hədəflərindəndir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayır. Bu gün Laçın, Şuşa, Xankəndi, Ağdam, Zəngilan və digər azad edilmiş ərazilərimiz beynəlxalq tədbirlər üçün ideal məkandır. Bu torpaqlarımız dünyaya Azərbaycanın təkmil şəhərsalma təcrübəsini təqdim edirlər. Ağdamda, Zəngilanda və Xankəndidə keçirilən Azərbaycan Milli Şəhərsalma forumları Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolun başlanğıcı kimi dəyərləndirilir.

Vüqar Rəhimzadə vurğulayıb ki, azad edilmiş ərazilərimizdə təkmil idarəçilik sisteminin yaradılması da bərpa-quruculuq işlərində əhəmiyyətli rol oynayır. Belə ki, bu torpaqların dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının, qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi mühüm rol oynayır.

Milli Məclisin deputatı bildirib ki, azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində əsas diqqət göstərilən məsələlərdən biri soydaşlarımızın məşğulluğunun təmin edilməsidir. Tarixi Zəfərimizdən sonra rayonların iqtisadi bölgüsünün yenidən aparılması, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi hər bir bölgənin malik olduğu potensialdan Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi, əhalinin məşğulluq probleminin həlli üçün səmərəli istifadəyə geniş imkanlar açır. Bu torpaqlarda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. (AZƏRTAC)

Oxşar xəbərlər