İşğaldan azad edilmiş ərazilərdə hazırda iki bölgədə - Ağdam və Cəbrayıl rayonlarında sənaye parkları fəaliyyət göstərir. 2021-ci ildə yaradılan Ağdam Sənaye Parkındakı fabrik və müəssisələrdə boya və kimyəvi məhsullar, sintetik xalça, müxtəlif növ ayaqqabı və çəkmələr (xüsusilə işçi və xüsusi təyinatlı), müxtəlif növ uniforma, xüsusi və fərdi geyimlərin, elektrik paylayıcı avadanlıqların, elektrik şkaflarının, müxtəlif təyinatlı yük vaqonlarının təmiri və istehsalı, prefabrik dəmir-beton məmulatları, alternativ enerji ilə (günəş) işləyən işıq dirəklərinin və digər qurğuların, polimer məhsullar həmçinin dam örtükləri, profil borular, kərpic və digər müasir tikinti materialları istehsal olunur. Kənd təsərrüfatı məhsullarının qablaşdırılması və meyvə-tərəvəz konservlərinin istehsalı sahəsində də layihələr mövcuddur.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı isə strateji mövqeyinə görə həm də logistika mərkəzi kimi planlaşdırılıb. Burada əsasən logistika, tikinti materialları və kənd təsərrüfatına dəstək verən məhsulların istehsalı və xidmətləri həyata keçirilir. Sənaye Parkının rezidentləri tərəfindən soyutma avadanlıqları, kənd təsərrüfatı texnikası, avtomobil komponentləri, inşaat materialları, eləcə də qablaşdırma materiallarının istehsalı və logistika xidmətləri həyata keçirilir. Meyvə-tərəvəz konservləri və qablaşdırılması, süd və ət məhsullarının emalı, yem, gübrə istehsalı və “Avto Lizinq Azərbaycan" MMC tərəfindən ağır texnikalara (yük avtomobilləri və kənd təsərrüfatı texnikası) texniki xidmət mərkəzi yaradılıb. TIR parkı və logistika xidmətləri, şərab istehsalı və ipəkçilik müəssisələrinin yaradılması da parkın inkişaf planlarına daxildir. Bu müəssisələrdə istehsal olunan məhsullarla həm yerli tələbatı ödəmək, həm də xaricə ixrac etmək məqsədi daşıyır.
Röya SALMANQIZI