Moldovanın “Prime”, “Canal 2”, “Canal 3”, “Publika” və digər kanallarında efirə verilmiş video-reportajlarda 30 ilə yaxın işğala məruz qalmış Qarabağın ürəyi hesab edilən Şuşanın 2020-ci ildə Azərbaycan tərəfindən azad edilməsilə burada aparılan sürətli bərpa işləri, eləcə də 1992-ci ildə Şuşanı tərk etmiş məcburi köçkünlərimizin gələn il qayıtmasının planlaşdırılmasına dair məsələlərə diqqət çəkilib.
Reportajlarda moldovalı müxbir tərəfindən ultra müasir “Ağıllı kənd” layihəsindən bəhs edilərək qeyd olunur: “Biz Zəngilan rayonunun Ağalı kəndindəyik. Bir il əvvəl indiki yerli sakinlərin böyük əksəriyyəti məcburi köçkünlər idi və onlar indi öz doğma yurdlarına qayıtmışlar”. Bundan başqa, sözügedən reportajda Ağalı kəndinin müxtəlif peşə sahibləri olan yerli sakinlərinin qısa həyat hekayələri, habelə yaşayış üçün bütün şəraitin təchiz edildiyi bu kəndə dair fikirləri yer alıb.
Moldovalı media nümayəndələrinin "Səhrada möcüzə - Azərbaycanlılar səhranın ortasında hava limanı tikdilər” başlıqlı video-reportajında isə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Füzulidə səkkiz aylıq müddətə tikilmiş hava limanından bəhs edilib. Resportajda hazırda hava limanının yalnız çarter reysləri həyata keçirdiyi, yaxın gələcəkdə müntəzəm sərnişin və yük reysləri də həyata keçirəcəyi qeyd edilib, Füzulidən başqa Zəngilanda hava limanının açıldığını, eləcə də Laçında yeni hava limanının işə düşəcəyi barədə məlumat verilib.
Qeyd edək ki, Moldovanın geniş izləyici kütləsinə malik televiziya kanallarında Azərbaycanla bağlı müxtəlif reportajların yayımlanması davam edir. (AZƏRTAC)