"Vətən səsi" xəbər verir ki, budəfəki dialoqun əvvəlki görüşlərdən əsas fərqi artıq tərəflər arasında ortaq mövqelərin tapılması idi. Belə ki, hər görüşdə mövqelər arasında üst-üstə düşən məqamlar bu dəfə daha çox özünü göstərirdi.
Budəfəki görüşçün ən maraqlı və yaddaqalan tərəfi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də görüşə qatılması oldu. Kifayət qədər praqmatik təsir bağışlayan görüşdə Hikmət Hacıyev Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandırdı və qarşılıqlı suallar əsasında geniş fikir mübadiləsi aparıldı.
Son bir neçə ayda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən görüşlər fonunda informasiya mühitində də müəyyən dəyişikliklər müşahidə olunur. Artıq həm Azərbaycan, həm də Ermənistan mətbuatında yerli və qarşı ölkələrin ekspertlərinin sülh gündəminin geridönməzliyi haqqında müsahibələri, təhlilləri dərc olunur. Bu, qarşılıqlı olaraq etimad quruculuğu baxımından mühüm addım kimi dəyərləndırilir.
"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Bakıda keçirilən 4-cü görüş bir həqiqəti də ortaya çıxardı ki, Azərbaycanla Ermənistan arasında sülh sənədinin imzalanması indi həm texniki baxımdan mümkündür, həm də bir neçə ay əvvələ qədər cəmiyyət tərəfindən qəbulolunmaz kimi görünın çətin proses də əhəmiyyətli dərəcədə yumşalıb. Artıq Bakıya gələn erməni ekspertlər vətəndaş cəmiyyətlərinin sülhü qəbuletmə kimi mürəkkəb məsələnin geridə qaldığına dair fikirlər səsləndirirlər. Təsadüfi deyil ki, Bakıdakı görüşdə "Sülh körpüsü” təşəbbüsünün hər iki tərəfdən olan iştirakçıları sülh gündəliyinə sadiqliyi bir daha vurğulayıblar.
Elxan SALAHOV