01.04.2026, 17:44
AZ EN
01.04.2026, 15:50 202

Düşünülmüş və məqsədyönlü siyasət Azərbaycanı ən təhlükəsiz ölkələrdən birinə çevirib

XƏBƏRLƏR
  • Müasir dünyada təhlükəsizlik, bəlkə də dövlətin gücünün və səmərəliliyinin əsas göstəricisinə çevrilib. Bu gün yalnız zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə və ya güclü orduya malik olmaq kifayət deyil. Əsl dayanıqlılığa yalnız o ölkə nail olur ki, öz vətəndaşlarına sülh, sabitlik və sabaha inam təmin edə bilir. Azərbaycan məhz belə bir dövlətdir.

Bu sözləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

O bildirib ki, Azərbaycan dünyanın ən mürəkkəb regionlarından birində – böyük dövlətlərin maraqlarının kəsişdiyi, silahlı münaqişələr, dini ekstremizm, separatizm və beynəlxalq terrorizm ocaqlarına yaxın bir məkanda yerləşib. Elə görünürdü ki, coğrafiyanın özü ölkəni daimi qeyri-sabitliyə və daxili təhdidlərə məhkum edib. Lakin Azərbaycan bunun əksini sübut etməyi bacardı.

Bu gün ölkəmiz terror təhlükəsi baxımından dünyanın ən təhlükəsiz dövlətləri sırasındadır. “Global Terrorism Index 2026” hesabatına əsasən, Azərbaycan 0,123 indekslə 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahib olub.

Bu, nə təsadüfdür, nə də müvəqqəti nəticə. Bu, uzun illər ərzində həyata keçirilən ardıcıl, düşünülmüş və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Bu uğurun əsas müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Məhz Prezidentin siyasi iradəsi, strateji düşüncəsi və uzaqgörənliyi sayəsində Azərbaycan uzun illər müharibə və xarici təzyiqlər şəraitində yaşayan bir ölkədən bu gün sabitlik və təhlükəsizlik adası kimi qəbul edilən bir dövlətə çevrilib.

Prezidentin rəhbərliyi ilə müasir və səmərəli milli təhlükəsizlik sistemi formalaşdırılıb. Hüquq-mühafizə orqanları, xüsusi xidmət strukturları və Silahlı Qüvvələr əhəmiyyətli dərəcədə gücləndirilib. Dövlət sərhədlərə nəzarəti ciddi şəkildə artırıb, radikalizm və təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirləri genişləndirib, ictimai təhlükəsizliyin təmin olunması üçün müasir texnologiyalar və mexanizmlər tətbiq edib.

"Prezident İlham Əliyevin siyasətinin gücü ondadır ki, təhlükəsizlik məsələlərinə daha geniş prizmadan yanaşılıb. Terrorizmə və ekstremizmə yalnız güc strukturlarının fəaliyyəti ilə qalib gəlmək mümkün deyil. Bunun üçün radikal meyllərin yaranmasına zəmin yaradan səbəbləri aradan qaldırmaq lazımdır.

Məhz buna görə də Azərbaycanda təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı, genişmiqyaslı iqtisadi inkişaf və sosial sabitlik siyasəti həyata keçirilib. Son illərdə ölkədə iri infrastruktur layihələri reallaşdırılıb, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. İnsanlar hiss etməlidirlər ki, dövlət onların maraqlarını qoruyur və onlara gələcək perspektivi verir. Bu isə daxili dayanıqlığın ən vacib amillərindən biridir”, -deyə Komitə sədri qeyd edib.

Millətlər və dinlərarası həmrəylik siyasəti

Azərbaycan hər zaman müxtəlif xalqların və dini icmaların qarşılıqlı hörmət şəraitində yaşadığı bir ölkə olub. Prezident İlham Əliyev bu ənənəni yalnız qoruyub saxlamayıb, onu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Dünyanın bir çox ölkələrində dini və milli ziddiyyətlərin zorakılıq və ekstremizmə səbəb olduğu bir vaxtda Azərbaycan tamamilə fərqli bir nümunə nümayiş etdirir – tolerantlıq, birlik və vətəndaş həmrəyliyi nümunəsi.

Deputat vurğulayıb ki, Azərbaycanın müstəqil xarici siyasəti də mühüm rol oynayır. Bir çox dövlətlərin xarici təzyiq obyektinə çevrildiyi, başqa münaqişələrə cəlb olunduğu və müstəqil qərarvermə imkanlarını itirdiyi bir dövrdə Azərbaycan öz müstəqil kursunu qoruyub saxlaya bilib. Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmiz həm region dövlətləri, həm də dünyanın aparıcı gücləri ilə bərabərhüquqlu və praqmatik münasibətlər qurub. Azərbaycan hər kəslə əməkdaşlıq edir, lakin heç kimin onun daxili işlərinə müdaxilə etməsinə və gələcəyini müəyyənləşdirməsinə imkan vermir.

Onun sözlərinə görə, məhz belə müstəqil siyasət Azərbaycanın son illərdə bir çox dövlətlərin destabilizasiyasına səbəb olmuş təhlükələrdən yayınmasına imkan verib. Bu gün Azərbaycan artıq başqalarının siyasətinin obyekti kimi deyil, öz təhlükəsizliyini təmin etməyə və bütövlükdə regionda sabitliyin qorunmasına töhfə verməyə qadir olan müstəqil və nüfuzlu güc mərkəzi kimi qəbul olunur.

"Xüsusilə qeyd olunmalıdır ki, bütün bu nəticələr son dərəcə mürəkkəb şəraitdə əldə olunub. Azərbaycan uzun illər ərzində ərazilərinin bir hissəsinin işğalı, hərbi təhlükə, xarici təzyiq və siyasi təcrid cəhdləri ilə üzləşib. Bununla belə, ölkəmiz nəinki bu sınaqlardan çıxmağı bacarıb, həm də daha güclü olub.

Bu gün daha böyük resurslara malik olan bir çox dövlətlər belə öz vətəndaşlarına təhlükəsizlik, qayda-qanun və sabaha inam təmin edə bilmirlər. Azərbaycan isə bunu bacarıb. Elə buna görə də ölkəmizin təcrübəsi bütün dünyada getdikcə daha böyük maraq doğurur.

Azərbaycanın necə dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevrildiyi sualı hələ uzun illər siyasətçilər və ekspertlər tərəfindən araşdırılacaq. Lakin cavab əslində aydındır. Bu, güclü dövlətin, milli birliyin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Məhz Prezident İlham Əliyev təhlükəsizliyi, inkişafı və suverenliyi müasir Azərbaycan dövlətçiliyinin əsas dayaqlarına çevirə bilib. Məhz buna görə də bu gün Azərbaycan dünyanın ən mürəkkəb regionlarından birində belə sabit, güclü və təhlükəsiz dövlət qurmağın mümkün olduğunu göstərən nümunədir",- deyə o əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər