01.04.2026, 16:13
AZ EN
01.04.2026, 13:10 202

Bu gün Əhməd Ağdamskinin anım günüdür

XƏBƏRLƏR
  • Bu gün XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri - Əhməd Ağdamskinin anım günüdür. O, Şərqin ilk operası olan "Leyli və Məcnun" səhnəyə qoyulanda ilk dəfə olaraq Leylini oynamağa başlayıb və 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxıb.

Əhməd Ağdamski kimi tanınan Əhməd Bəşir oğlu Bədəlbəyli 1884-cü il yanvarın 5-də Ağdamda ziyalı ailəsində doğulub. Məşhur Bədəlbəyli nəslindən olan Əhməd bəy eyni zamanda dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğma xalası oğludur. Hələ uşaq yaşlarından xalq mərasim tamaşalarında iştirak edən Ə.Ağdamskinin sənətə olan böyük marağı onu teatra gətirib çıxarıb. O, səhnə fəaliyyətinə “Nicat” xeyriyyə cəmiyyətinin teatr truppasında başlasa da, sonralar həm də “Səfa” mədəni-maarif cəmiyyətinin truppasında, Hüseynqulu Sarabskinin “Müsəlman opera dəstəsi”ndə və “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib. Lirik tenor səsə, məlahətli və geniş diapazonlu ifa bacarığına malik olduğundan, milli aktrisaların yoxluğu ucbatından əsasən opera və operettalarda qadın rollarını ifa etməklə böyük şöhrət qazanıb.

Ə.Ağdamskinin oynadığı qadın rolları xarakter etibarilə bir-birindən fərqlənirdi. O, bu obrazların hər birini tamam ayrı səpkidə canlandırır, tək oyun tərzini deyil, hətta səsini belə dəyişdirirdi. “Kürdü-Şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Şur”, “Bayatı-Kürd” kimi mürəkkəb muğamları, Leyli, Gülçöhrə, Şahsənəm və s. obrazların ariyalarını oxuması bunun isbatıdır. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “Rüstəm və Söhrab, “Şah Abbas və Xurşidbanu”, Zülfüqar bəy Hacıbəylinin “Aşıq Qərib” opera və operettalarında Leyli, Əsli, Gülnaz, Gülçöhrə, Minnət, Təhminə, Xurşidbanu və s. onun əsas rolları sırasına daxildir. O, hətta, 1916-cı ildə səssiz olaraq lentə alınan “Arşın mal alan” tammetrajlı bədii filmində Gülçöhrə roluna da çəkilib.

Aktyor XX əsrin 20-ci illərinin əvvəllərində doğma vətəninə - Qarabağa qayıdaraq, Ağdamda teatr truppası yaradıb. O, bir çox tamaşaların rejissoru olmaqla yanaşı, həm musiqili, həm də dram əsərlərində bir xanəndə-aktyor kimi də çıxış edib. 1934-cü ildə Ağdaşa köçüb və burada ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olub.

O, fədakar əməyinin bəhrəsi olaraq 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Əhməd Ağdamski 1954-cü il aprelin 1-də Ağdaş rayonunda vəfat edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər