11.03.2026, 18:59
AZ EN
11.03.2026, 17:15 216

Paşinyan Naxçıvan üçün alternativ yol təklif edir

XƏBƏRLƏR
  • "Ermənistan Azərbaycandan Türkiyəyə və əksinə, tranziti təmin etməyə hazırdır. Bunun üçün Ermənistanda əlavə infrastrukturun yaradılmasına ehtiyac yoxdur, mövcud yollardan istifadə etmək mümkündür".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı ölkəsi və Azərbaycan arasında yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsindən danışarkən deyib. O, bildirib ki, Azərbaycan vasitəsilə Ermənistana tranzit yükdaşımalar 2025-ci ilin oktyabr ayından bərpa olunub və İrəvan bunun qarşılığında addım atmağa hazırdır: “Biz də öz növbəmizdə bu gün Azərbaycandan Türkiyəyə və əksinə tranziti təmin etməyə hazır olduğumuzu elan edirik. Bundan  mövcud yollarımızdan istifadə edərək bərhrələnə bilərik, amma nə Azərbaycan, nə də Türkiyə hələlik bu fürsətdən istifadə edib. Güman edirəm ki, bunun səbəblərindən biri də belə bir həllin TRIPP layihəsinin reallaşdırılmasının gecikməsinə səbəb ola biləcəyi ilə əlaqəlidir. Bu tribunadan rəsmi olaraq bəyan edirəm ki, Ermənistanın TRIPP layihəsinin həyata keçirilməsini gecikdirmək üçün nəinki niyyəti, həm də heç bir səbəbi yoxdur, çünki layihə Ermənistanın qısa, orta və uzunmüddətli maraqlarına tam cavab verir".

Paşinyan həmçinin qeyd edib ki, Ermənistan bu gün mövcud infrastrukturdan istifadə edərək Kornidzor-Gorus-Yeğeqnadzor-Yerasx marşrutu ilə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil əlaqəsi təmin etməyə hazırdır.

Ermənistanın  Baş naziri ölkəsinin ixrac üçün Gürcüstan-Azərbaycan dəmir yolundan istifadə etməyə hazırlaşdığını da dilə gətirib. O, ümid edir ki, yaxın gələcəkdə Azərbaycan da Ermənistan üçün ixracat məntəqəsinə çevriləcək: "Ermənistan Azərbaycandan neft məhsulları idxal edir ki, bu da bizim bazarımızda neft məhsullarının qiymətlərinin aşağı düşməsinə səbəb olub və onilliklər ərzində həmin bazarda mövcud olan monopoliyanı darmadağın edib".

Elxan SALAHOV

Oxşar xəbərlər