11.03.2026, 17:45
AZ EN
11.03.2026, 16:00 204

"Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti" kitabının təqdimatı keçirilib

XƏBƏRLƏR
  • "Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti" kitabının təqdimat mərasimi keçirilib.

Lüğətin müəllifi şair-publisist, Qərbi Azərbaycan İcması (QAİ) Müşahidə Şurasının üzvü Musa Urud, elmi redaktoru isə Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylidir.

Kitabın rəyçiləri - siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır.

Kitab haqqında məlumat verən müəllif nəşri Azərbaycanın qədim mədəniyyət və dövlətçilik mərkəzlərindən biri hesab olunan Qərbi Zəngəzur bölgəsinin toponimlərinin sistemli tədqiqinə həsr etdiyini bildirib:

"İzahlı lüğət 316 səhifədən ibarətdir. Nəşrdə qədim dövrlərdən müasir dövrə qədər müxtəlif mənbələr, sənədlər, kameral təsvirlər, elmi ədəbiyyat və xəritələr, həmçinin yerli sakinlərin məlumatları əsasında bölgənin toponimlərinin tarixi, etimologiyası və mədəni-etnoqrafik mənzərəsi araşdırılıb. Eyni zamanda, XX əsrin 30-cu illərindən başlayaraq Ermənistanda toponimlərin məqsədli şəkildə dəyişdirilərək erməniləşdirilməsi prosesinin xronologiyası da təqdim olunub".

AMEA-nın prezidenti İsa Həbibbəyli müəllifin Zəngəzur mövzusunda apardığı araşdırmaların əhəmiyyətini vurğulayıb:

"Musa Urud Zəngəzur tarixini elmi şəkildə araşdıraraq bir növ "Zəngəzurnamə" yaradıb. İlk dəfə Qərbi Zəngəzurla bağlı 506 toponimin izahı bir lüğətdə cəmlənir. Nəşrdə Zəngəzurun təbiəti və toponimi təqdim edilib".

QAİ Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov Qərbi Zəngəzurun tarixinin və toponimlərinin araşdırılmasının milli yaddaş baxımından əhəmiyyətindən danışıb.

İcmanın İdarə Heyətinin sədri, Əziz Ələkbərli çıxışında qeyd edib ki, Zəngəzur sıradan logistik mərkəz deyil, bütövlükdə tarixin logistik məkanıdır:

"Bu kimi kitablar qayıdışımızın təməl sütunudur. Çünki fiziki qayıdış mənəvi qayıdışdan başlayır" .

Təqdimatda həmçinin Coğrafiya İnstitutunun baş direktoru Zaur İmrani, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, professor İsrafil İsmayılov, AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, QAİ İdarə Heyətinin üzvü, professor Cəbi Bəhramov və filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılov kitabın elmi və tarixi əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, nəşr müəllifin Zəngəzurun tarixinə həsr etdiyi yeddinci tədqiqat əsəridir. Kitab bölgənin tarixi, toponimiyası və mədəni-etnik xüsusiyyətləri ilə maraqlanan alimlər, tədqiqatçılar, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. (Report)

Oxşar xəbərlər