26.09.2025, 00:57
AZ EN
25.09.2025, 20:13 109

Səfir: 2025-ci il Çin-Azərbaycan münasibətləri üçün məhsuldar il olub

XƏBƏRLƏR
  • Cari il Çin-Azərbaycan münasibətləri üçün çox məhsuldar olub.

Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 76-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının gələcəyi ümidvericidir: "Çin ölkələrimizə və xalqlarımıza daha böyük fayda gətirəcək, dövlətlərimizin başçılarının əldə etdiyi mühüm razılaşmaların tam şəkildə həyata keçirilməsi üçün Azərbaycanla əməkdaşlığa hazırdır".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu il Çinə iki səfəri ikitərəfli münasibətlərin inkişafına xüsusilə müsbət təsir göstərib.

"Sevindirici haldır ki, 2025-ci il həqiqətən Çin-Azərbaycan münasibətləri üçün məhsuldar il oldu. Bu il Prezident İlham Əliyev Çinə iki dəfə səfər etdi və dövlətlərimizin başçıları Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanat imzaladılar və "Bir kəmər, bir yol" layihəsi, "yaşıl" enerji və rəqəmsal iqtisadiyyat da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün bir çox mühüm razılaşmalar əldə olundu. Çinin Azərbaycandakı səfiri kimi mən ikitərəfli münasibətlərimizdə bu tarixi qərarların şahidi olmaqdan şərəf duyuram. Çin rəhbəri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin bacarıqlı rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri dinamik şəkildə inkişaf edir", - diplomat bildirib.

Lu Mey vurğulayıb ki, Bakı və Pekin arasında güclü iqtisadi əməkdaşlıq qlobal sənaye və təchizat zəncirlərinin sabitliyinə töhfə verir. "Bu ilin ilk 7 ayında Çin və Azərbaycan arasında ticarət və investisiyalar rekord həddə çatıb və bütün il üçün gözlənilən səviyyəni keçib. Eyni zamanda, Azərbaycanın Xəzər dənizindən keçən Çin-Avropa ekspress dəmir yolu xəttinin keçənilki həcmini iki dəfə artıracağı gözlənilir. İkitərəfli vizasız rejimin tətbiqi isə turist axınını da artırıb", - o əlavə edib.

Səfir həmçinin vurğulayıb ki, Azərbaycan və Çin öz suverenliklərini, müstəqilliklərini və ərazi bütövlüyünü, eləcə də seçdikləri siyasi yolları müdafiə etməkdə hər zaman bir-birini dəstəkləyir.

"Biz beynəlxalq miqyasda, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (CICA) çərçivəsində sıx əməkdaşlıq edirik və hər zaman Qlobal Cənub ölkələrinin ümumi maraqlarını birgə müdafiə etməyə və beynəlxalq ədaləti möhkəm şəkildə qorumağa çalışırıq", - diplomat bildirib. (Report)

Oxşar xəbərlər