"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistandakı məşhur “Hraparak” qəzeti isə Azərbaycanla sərhədin hansı xətlər üzrə çəkiləcəyinə dair növbəti xəritəni dərc edib. Nəşrin dünən yaydığı xəritədə razılaşdırılmış sərhəd xəttinin hansı ərazilərdən keçəcəyi əks olunub. Bildirilir ki, Azərbaycan və Ermənistan arasında məxfi danışıqlar zamanı sərhədin keçəcəyi xətlər üzərində razılaşma əldə olunub. Razılaşmaya görə, Ermənistan son iki ildə davam edən danışıqlar zamanı geri qaytarmaq istəmədiyi əraziləri Azərbaycana güzəştə gedəcək. Buraya hərbi müdafiə və təhlükəsizlik nöqteyi-nəzərdən xüsusi üstünlüyə malik strateji yüksəkliklər aiddir.
“Azərbaycan tərəfinin təqdim etdiyi xəritələr əsasında tərtib olunan delimitasiya layihəsi demək olar ki, başa çatıb. Gələcək sərhədin əhəmiyyətli bir hissəsi artıq müəyyən edilib - Tavuşadan Sünikə qədər. Razılaşdırılmış sənədlərdən də görünür ki, bütün sərhədboyo sahələrdə Ermənistan güzəştə getməyə məcburdur. Ermənistan delimitasiya məsələlərində də açıq-aşkar uduzur, Azərbaycan isə qazanır. Tezliklə yeni strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək", - deyə erməni nəşri yazır.
“Hraparak” qəzeti iddia edir ki, anklavlar və eksklavlar məsələsi bu mərhələdə müzakirə olunmayıb, növbəti mərhələyə saxlanılıb. Lakin strateji yüksəkliklərin Azərbaycanın nəzarətinə keçəcəyi xəritələr əsasında təqdiq edilib: “Veriləcək ərazilərə yüksək dağ zonaları da daxildir. Bu ərazilər otlaq kimi istifadə olunacaq. Bu ərazilərdəki su mənbələri də Azərbaycanın nəzarətində olacaq. Xəritədə sarı rənglə qeyd olunan ərazilər Ermənistana, bənövşəyi rənglə qeyd olunan ərazilər isə Azərbaycana veriləcək".
Elxan SALAHOV