“Ermənistan və Azərbaycan sülh sazişinə doğru irəliləməyə davam edəcək. Lakin Ermənistanda konstitusiya dəyişiklikləri, sərhədlərin tam demarkasiyası və tranzit əlaqələrinin açılması ilə bağlı fikir ayrılıqları 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacaq. Bu məsələlərin bəziləri sonrakı razılaşma üçün təxirə salına bilər. Amma razılıq əldə olunana qədər Bakı danışıqlarda hərbi üstünlüyündən təsir kimi istifadə etdiyinə görə regionda alovlanma potensialı davam edəcək”.
"Vətən səsi" xəbər verir ki, bu barədə ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik mərkəzinin yaydığı məlumatda deyilir. Mərkəzin 2025-ci ildə Cənubi Qafqaz regionunda baş verə biləcək dəyişikliklərə dair proqnozlarda bildirilir ki, Ermənistan və Azərbaycan sülh danışıqlarında öz mövqelərini möhkəmləndirmək üçün xaricdən dəstək axtarmaqda davam edəcək. Buna görə də Cənubi Qafqaz geosiyasi təsir uğrunda döyüş meydanı olaraq qalacaq.
“Stratfor” analitikləri ehtimal edirlər ki, ABŞ Ermənistana dəstək verməyəcək. Çünki Tramp administrasiyası Rusiya, İran və Çinin regional təsirini tarazlaşdırmaq üçün Bakı ilə güclü münasibətləri prioritet hesab edir: "Ona görə də Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri puça çıxacaq. Əvəzində Ermənistan Fransadan gələn hərbi texnikaya arxalanacaq və Avropa Birliyi ilə ticarətin artırılmasına can atacaq. Ermənistan Qərblə artan siyasi və müdafiə əlaqələrindən istifadə edərək, sülh danışıqlarında Bakının ən güclü tələbinə, yəni Ermənistanın cənubundan tranzit xəttinin keçməsinə qarşı çıxacaq. Buna nə dərəcədə nail olacağı isə Ermənistan rəhbərliyinin Qərbdən aldığı dəstəkdən asılıdır".
Xatırladaq ki, amerikalı analitiklər "Ermənistanın cənubundan tranzit xətt" dedikdə Zəngəzur dəhlizini nəzərdə tutur. Bu isə o deməkdir ki, Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı irəli sürdüyü təklif ABŞ-ın da xüsusi marağındadır.
Elxan SALAHOV