Bu barədə Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin məhkəmənin fəaliyyətə başlamasının 26-cı ildönmü ilə əlaqədar rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd olunub.
"Bu gün Azərbaycan dövləti və xalqı formalaşmış yeni reallıqlar şəraitində qürurla və inamla öz inkişafının növbəti, tamamilə yeni mərhələsinə qədəm qoyub. 2024-cü il fevralın 14-də andiçmə mərasimindəki nitqində dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, indi yeni dövr başlayır.
Qürurverici haldır ki, ölkəmiz bu yeni dövrə, mərhələyə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş, güclü, sözün həqiqi mənasında müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində mühüm və etibarlı tərəfdaş kimi qəbul olunan dövlət kimi qədəm qoyur. Yeni dövrdə qarşıda duran ən mühüm vəzifələr əldə edilmiş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanın dayanıqlı və davamlı inkişafını davam etdirməkdir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi ən mühüm və prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi qarşıda duran ən önəmli vəzifələrdəndir. Şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma işləri, eyni zamanda, bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirir", - deyə F.Abdullayev bildirib. (Trend)