"Vətən səsi" xəbər verir ki, bunu Qərbdəki anti-Azərbaycan dairələrinin təsiri altında olan Karnegi Fondunun baş eksperti Tom de Vaal “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib. O, Rusiyanın tarix boyu Cənubi Qafqazda xüsusi maraqlarının olduğuna və Ermənistanla daha güclü əlaqələr qurduğuna diqqət çəkərək bildirib ki, rəsmi Bakı 30 illik işğaldan sonra regionda vəziyyətin dəyişməsindən məharətlə istifadə edib: “Rusiya çox zəifdir, Azərbaycan bundan istifadə edib. Amma Rusiya hadisələri qabaqcadan görə bilərdi, onların öz məlumatları, öz mənbələri var idi və bunun qarşısını almaq üçün heç nə etmədilər. Beləliklə, mən bunu bir növ, Moskvanın düşünülmüş qərarı kimi görürəm”.
Erməni diasporuna xidmət edən ekspert antiterror tədbirləri zamanı Azərbaycan ərazilərini könüllü tərk edən Qarabağ ermənilərinə qarşı hər hansı zorakılığın olmamasını da etiraf edib. Amma Tom de Vaal bunu Azərbaycan silahlı qüvvələrinin peşəkarlığı deyil, Rusiyanın xidməti kimi təqdim edib. O, hiyləgərcəsinə belə bir təsəvvür yaratmağa çalışıb ki, rus sülhməramlıları Qarabağda olmasaydı, Azərbaycan ordusu bölgədə yaşayan dinc ermənilərə qarşı zorakılığa yol verəcəkdi: "Təbii ki, yolda ölənlər vardı, amma Azərbaycan tərəfdən zorakılıq olmayıb. Ruslar ermənilərin Qarabağdan dinc şəkildə kütləvi şəkildə çıxarılmasına töhfə veriblər”.
Tom de Vaal torpaqlarımızın işğalı zamanı Azərbaycanın çoxlu sayda şəhərlərinin, kəndlərinin xarabalığa çevrildiyini də etiraf edib. Ancaq o, Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiyi vəhşiliklər, minlərlə soydaşımızın qətlə yetirilməsi və soyqırıma məruz qoyulması barədə danışmayıb: “ Azərbaycanın çoxlu sayda şəhərləri, kəndələri xarabalığa çevrilib. Mən Ağdamı gördüm, oradan da əhali qovulub. Bu, təəssüf ki, Ermənistan siyasətçilərinin bir çox yanlış hərəkətlərinin, gördüyümüz maksimalizmin bədəlidir. Biz bu yaxınlarda İlham Əliyevi Xankəndi meydanında hərbi geyimdə gördük. Amma 2019-cu ildə həmin meydanda Paşinyan çıxış etmişdi ki, “Qarabağ Ermənistandır.” Hesab edirəm ki, bu, Azərbaycanın diplomatiyadan, kompromislərdən əl çəkərək müharibəyə doğru getdiyi an idi. Erməni siyasətçilərinin vəzifəsi azərbaycanlılara öz ərazilərini qaytaracaqlarına ümid vermək idi. Bu ümid, məncə, “Qarabağ Ermənistandır” söhbəti ilə bitdi. Deməli, bu illər ərzində Ermənistan rəhbərliyi müharibəyə səbəb olan səhvlərə yol veriblər. Müharibənin nəticəsi isə ermənilər üçün faciəli oldu”.
Tom de Vaal İkinci Qarabağ müharibəsindən sonra Rusiyadan üz çevirərək "qərbyönümlü siyasət" yürüdən Ermənistanın hələ də Moskvanın nəzarətində olduğunu söyləyib. O, etiraf edib ki, Paşinyan kökumətinin çabalarına baxmayaraq Ermənistan Rusiyanın təsir dairəsindən çıxa bilməyib: "Moskva Ermənistanın təhlükəsizliyinin əsas təminatçısı olmaqda davam edir. Hərbi ittifaq var, İrəvanın Ermənistan qarşısında üzərinə götürdüyü öhdəliklər yerinə yetirilməlidir. Moskvadan hərbi və iqtisadi asılılıq xüsusilə Robert Köçəryanın dövründə oldu, bütün iqtisadi aktivlər Rusiyanın nəzarətinə keçdi. Bu asılılıq hazırda davam edir. Ermənistanın istifadə etdiyi təbii qazın 80, buğdanın isə 90 faizi Rusiyadan gəlir. Rusiya Lars keçid məntəqəsini bağlayanda bu, Ermənistanın iqtisadiyyatına təsir edir...”
Elxan SALAHOV