"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatın və sosial şəbəkələrdə xeyli məlumatlara rast gəlinir. Bildirilir ki, qalmaqala səbəb müxalifətdən olan bəzi qadın deputatların Baş nazir Nikol Paşinyanın əsəblərini tarıma çəkməsi olub. Xüsusilə “Hayastan” fraksiyasından olan deputat Anna Qriqoryanın iqtidarı korrupsiyada suçlaması Nikol Paşinyanı özündən çıxarıb. Baş nazir müxalifətçi deputatın ittiham dolu sualına cavab verərkən səsinin tonunu qaldırıb: “Paşinyan hökuməti Ermənistan Respublikasının büdcəsini iki dəfə artırıb və Ermənistana 4,2 milyard dram əlavə gəlir gətirib”.
Paşinyan əlavə edib ki, hazırda müxtəlif korrupsioner məmurların mənimsədiyi qeyri-qanuni əmlakın müsadirəsi nəticəsində dəyəri 5 milyard dollardan çox olan mülk Ermənistan Respublikasına xidmət edir.
Deputat Anna Qriqoryan isə Baş nazirin cavablarını və səsləndirdiyi arqumentləri qaneedici saymayıb. Üstəlik o, hökumətə qarşı ittihamlarını davam etdirərək Paşinyanı korrupsiyaya qarşı mübarizədə siyasi iradə göstərməmkdə suçlayıb: “Mən hələ də başa düşə bilmirəm ki, hər gün mediada yeni korrupsiya faktları ortaya çıxanda insan nə ilə fəxr edə bilər? Unutmayın ki, təkcə sizin hakimiyyətin dövründə 7 milyard borcumuz yığılıb! Eyni yolu ildə 5 dəfə təmir edirsiz, başqa strateji əhəmiyyət kəsb edən heç nə tikilmir”.
Paşinyan isə belə cavab verib: “Siz sadəcə olaraq yalan danışırsınız! Oturun, susun, əsəblərimə toxunmayın...”.
Anna Qriqoryanın yenidən çıxışa cəhd etməsi Paşinyanı bir az da qəzəbləndirib: “Mən sizə dedim ki, oturun və əsəblərimi pozmayın!”.
Bundan sonra zalda vəziyyət gərginləşib, qışqırıqlar eşidilib. Ermənistan parlamentinin sədri canlı yayımın söndürülməsinə göstəriş verib. Paşinyan tribunadan düşəndən sonra da vəziyyət sakitləşməyib və o, hətta müxalif deputatın üzərinə yeriməkdən çəkinməyib. Araya girən parlament üzvləri, o cümlədən hakim partiyanın xanım deputatları Baş naziriin qabağına duraraq onu sakitləşdirmək istəyib, müxalifətçi qadına baş qoşmamağa çağırıblar.
Elxan SALAHOV