27.06.2025, 20:02
AZ EN
30.09.2024, 17:32 236

Ermənistanda konstitusiya dəyişikliyinə hazırlıq görülür

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan konstitusiyanın dəyişdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tələbini qəbul edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı imzalanmış əsasnamənin ölkənin əsas qanununa uyğunluğunu təsdiqləyib. Elə həmin ərəfədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə ABŞ-da bir araya gəlməsi nikbin bəyanatların səsləndirilməsi də təsadüfi deyil. Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sesiyyasında Nikol Paşinyanın söylədiyi fikirlər isə İrəvanın rəsmi Bakının irəli sürdüyü tələblərin nəzərə alınacağına işarədir: "Nikol Paşinyan BMT-nin ali tribunasında bəyan etdi ki, Əliyevin növbəti ilkin şərtini qəbul edir. Yəni sülh müqaviləsinin imzalanması çərçivəsində Ermənistan Konstitusiyasını dəyişdirməyə hazırdır. Əgər Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sülh müqaviləsinin Ermənistan Konstitusiyasına zidd olduğuna qərar verərsə, o zaman biz sülhə nail olmaq üçün Konstitusiya dəyişikliklərinin zəruri olacağı konkret vəziyyətlə üzləşəcəyik”.

Qəzet yazır ki, Paşinyan əvvəllər konstitusiyaya dəyişikliklə bağlı ziddiyyətli açıqlamalar versə də, indi Bakının bu tələbini də yerinə yetirməyə hazır olduğu barədə mesaj göndərir.

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Alvina Qulumyan “Hraparak”a açıqlamasında baş nazirin dediklərini təsdiqləyib: “Hüquqi baxımdan Konstitusiyada nəzərdə tutulur ki, əgər daxili qanunvericilik beynəlxalq müqaviləyə ziddirsə, beynəlxalq müqavilənin qüvvəyə minməsi üçün Konstitusiyaya uyğunluq baxımından həmin müqavilə ilkin baxışdan keçməlidir. Konstitusiya Məhkəməsi həmin müqavilədə yer alan öhdəliklərin Konstitusiyaya zidd olduğunu müəyyən edərsə, burada ya müqavilə, ya da Konstitusiya dəyişdirilməlidir. Hüquqi nöqteyi-nəzərdən belədir”.

“Hraparak”da dərc olunan məqalənin sonunda qeyd edilir ki, Ermənistanda Konstitusiya Məhkəməsi tam hökumətin nəzarətindədir, buna görə də istənilən dəyişikliklə bağlı heç bir problem olmayacaq. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına dair Ermənistanın Müstəqillik Aktına istinadın Konstitusiyadan çıxarılması üçün heç bir ciddi maneə yoxdur.

Elxan SALAHOV

Oxşar xəbərlər