"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, sentyabrın 16-dan başlayan imzatoplama kampaniyasının təşəbbüskarları Paşinyan hökumətinə müxalifətdə olan avropayönümlü qüvvələrdir. “Joqovurd” qəzeti yazır ki, 50 min imza toplanacağı təqdirdə Ermənistanda AB-yə üzvlüklə bağlı referendum keçirilməsi tələbi ilə parlamentə rəsmi müraciət təqdim ediləcək.
Amma imzatoplama kampaniyasının təşkili barədə məlumatlar yayılan kimi Baş nazir Nikol Paşinyan hökumətdəki ən yaxın adamlarına belə bir referendumun olmayacağını qəti şəkildə bildirib.
"Paşinyanın planları tamamilə başqadır. O, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının iclaslarından birində hakimiyyət nümayəndələrinə deyib ki, referendum olmayacaq, onların gündəmində Avropa Birliyinə üzvlük məsələsi yoxdur. Lakin hakim partiyanın sədr müavini, deputat Vaaqn Aleksanyan bizə açıqlamasında bunu təkzib edib. Partiyanın İdarə Heyətinin üzvü Romanos Petrosyan isə bu barədə deməyə sözünün olmadığını bildirib”, - deyə “Joqovurd” nəşri yazır.
İmzatoplama kampaniyasının əsas təşəbbüskarlarından olan “Respublika Uğrunda” Partiyasının sədri Arman Babacanyan isə Baş nazirin referendumla bağlı yekun qərarından xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, hökumət parlamentdənkənar siyasi qüvvələrin 50 min imza ilə təsdiqlənmiş təşəbbüsünü rədd edərsə, kampaniya davam edəcək. Bu halda 300 min imza toplanaraq yenidən parlamentə müraciət ediləcək.
"Prosedur qaydalara görə Konstitusiya Məhkəməsi layihənin Konstitusiyaya uyğun olduğunu qəbul edərsə, qanun layihəsi referenduma çıxarılacaq. Hətta ilk təşəbbüs parlament tərəfindən rədd edilsə, 300 min imzanı toplamaq çətin olmayacaq. Xalqın ruh yüksəkliyini görürük, inanırıq ki, bizim təşəbbüsümüz dəstəklənəcək və referendum keçiriləcək", - deyə Arman Babacanyan əlavə edib.
Xatırladaq ki, son vaxtlar erməni mətbuatında Avropa Birliyinə üzvlük və yeni konstitusiyanın qəbu üçün referendum keçiriləcəyinə dair məlumatlar tez-tez yayılır. Baş nazir Nikol Paşinyan isə hələ iyun ayında hakim partiyanın toplantısındakı çıxışı zamanı Ermənistanın Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirilməsinin gündəmdə olmadığını söyləmişdi.
Elxan SALAHOV