Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev martın 13-də Zəngilan rayonunda keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında deyib.
"Bu ildən Şərqi Zəngəzur iqtisadi rayonunda iki fərqli istiqamətdə yeni yaradılması nəzərdə tutulan milli parkların ərazilərində çöl-tədqiqat, monitorinq işlərinə başlamışıq. Bunlardan biri Laçın rayonu ərazisində yerləşəcək, yəni Ermənistanla həmsərhəd ərazidən başlayaraq Qaragöl Dövlət Təbiət Qoruğu da daxil olmaqla 100 min hektardan artıq ərazini əhatə edəcək. Hazırda müvafiq qurumlarla razılaşdırma mərhələsindəyik. Çöl-tədqiqat işləri bitdikdən, əsaslandırma və razılaşdırma mərhələsindən sonra konkret sərhədlər müəyyən olunacaq. Yaradılacaq milli parkın yerləşdiyi ərazi 2 min - 2 min 500 metr yüksəklikdə olan zirvələri əhatə edir. Dağ, meşəlik və göllər olan ərazilər bu yerlər üçün xarakterikdir. Şərqi Zəngəzur iqtisadi rayonunda digər bir milli parkın Zəngilan rayonu ərazisində yaradılması nəzərdə tutulur. Onun ərazisinə Arazboyu Dövlət Təbiət Yasaqlığı (2 min hektar), Bəsitçay Dövlət Təbiət Qoruğu (107 hektar) və 7 min 500 hektardan çox olan digər ərazilərin daxil edilməsi və ümumi sahəsinin 9 min 700 hektar civarında olması nəzərdə tutulur. Hazırda bu istiqamətdə də çöl-tədqiqat işlərinə başlanılıb. Növbəti mərhələlərdə ərazinin razılaşdırılması prosesi həyata keçiriləcək", - X.Mirzəyev bildirib. (AZƏRTAC)